Oktyabr 18, 2007 20:52
"Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət? II (davamı)
Beləliklə, bu romanın müəllifi kimdir sualı və ardınca da kulturoloji problemin ətrafında illər uzunu gedən mübahisələr, mübarizələr və savaşlara münasibət bildirmədən bir sıra məqamlarla bağlı fikirlərimi bölüşmək istəyirəm.
İlkcə onu nəzərinizə şatdırmağı təkrar saymıram: fikir çoxluğu, düşüncə paylaşması həqiqətin obyektiv yönünü təyin etməkdən ötrü ən əsas faktorlardan, cəhətlərdəndir.
Məntiqi ardıcıllığı gözləməkdən ötrü - vaxtınızı çox öldürməmək şərtilə - qısaca məsələdən hali olmayanlara bildirirəm ki, ötən əsrin ikinci onilliyinin sonunda ortabab sevgi romanlarına bənzər "Əli və Nino" əsəri naməlum yazar tərəfindən yazılıb (romanın e-variantı ilə buradan tanış ola bilərsiniz: http://www.kitabxana.org/site/?name=view&page=1&id=519), daha sonra isə kitab şəklində nəşr olunaraq Avropa və Yaxın Şərq ölkələri, ABŞ-da dəfələrlə, özü də böyük tirajla nəşr olunub (bu barədə mübahisəli materialla burada tanış olun: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1487, http://ahiska.iatp.az/ahiska/m004.htm və http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1538 . Qeyd: bu yazı tənqid şöbəsi adından verilsə də, mənə heç bir aidiyyəti yoxdur və oradakı mövqeyi bölüşmürəm).
Daha sonrasını dinləyin: romanı Yusif Vəzir Çəmənzəminlinin adina çıxarmaqdan ötrü ölüm-dirim savaşına çıxanlara rəğmən, mən sona qədər iki ayağımı bir başmağa basaraq dirənmirəm ki, nə Məmməd Əsəd bəy, nə Qurban Səid, nə də (yanılmıramsa, vaxtilə Mirzə Xəzər də bu romanı dilimizə çevirəndə öz adına çıxmaq həvəsinə bulunmuşdu!!!) Lev Nussimbaum nə də filankəsdir...
Əksinə, hamının acığına, bu yazarın Məhsəti Gəncəvi, V.Şekspir, lap elə İradə Dəstərxanlı imzaları tək naməlum bir istedadlı qələm adamı kimi qəbul edilməsinin tərəfdarıyam və ədəbi-mədəni muhitdə bir kulturoloji qıcıqlandırma qaldırmaqla, həm o romana, həm də ədəbiyyata, oxu mədəniyyətinə tərəf maraqları sancmaq istəyirəm...
Görəsən, mənim millətim haçan oxumağa başlayacaq???
Sözsüzki, az qala hər vergülünün də əlyazması tapılaraq arxivə təhvil verilmiş, dövlət hesabına çoxsaylı kitabları çıxmış və indinin özündə də nəşr olunan, Azərbaycan peşəkar avropaistiqamətli bədii nəsr tarixində iz buraxmış (ilk milli Azərbaycan elmi-fantastik hekayənin - "Gələcək gün"ün müəllifi də bu sənətkardır), kifayət qədər istedadlı, həm də tanınmış ədib kimi Yusif Vəzir Çəmənzəminlinin ortasəviyyəli bellestrika nümunəsi sayılan "Əli və Nino" romanına müəllif çıxarmağın heç bir yeri yoxdur.
Ciddi tekstoloji təhlil (əsərdə dövrün adət-ənənələrinə, Şərq və milli mentallığa kifayət qədər zidd sayıla bilinəcək epizodlarla bol olan, təzə yazmağa başlayan yazarın naşılığı sezilən - burada bir neçə dillə çevriləndə tərcüməçilərin əlavə və ixtisarlarını, bir sözlə redaktələrini də unutmaq olmaz - və s. ), intellektual kulturolji araşdırma (əsər yazılaraq nəşr olunduğu vaxtlar qırmızı terrorun tuğyan etdiyi, faşızmın və Stalinizmin gücləndiyi, həm keçmiş SSRİ-də, həm də Avropada siyasi-ideoloji represiyaların şiddətləndiyi, hətta qardaş Türkiyədə kommunist ovunun genişləndiyi - Nazim Hikmət taleyini yaşamış solçu intellektualların acınacaqlı aqibətini nəzərdə tuturam - bir zamanda Yusif Vəzir Çəmənzəminlinin həyatına hər an son qoyulması qorxusu, yaxud Hüseyn Cavid kimi sürgündə çürümək, Mikayıl Müşfiq kimi güllələnməsi, ən pis halda əski Musavatçılar kimi yerli-dibli yox edilməsi təhlükəsi - onsuzda yazarın aqibəti çox faciəli oldu - məntiqli bir nəticəyə gəlməyə vadar edir...), ənənəvi tarixi-müqayisəli müşahidələr tədqiqatçıya imkan verir düşünsün: Yusif Vəzir Çəmənzəminlinin bu əsərə sahibliliyi böyük şübhə altındadır. Əlavə edək ki, fikrimiz aksioma deyil, yetərincə obyektiv sübutlar, ədəbi dəlillər, ən əsası isə mətnşünaslıq izahları qarşısında biz mövqeyimizi dəqiqləşdirə bilərik. Bu fikrimiz aşağıdakı düşüncə-polemika variantları üçün də işlək sayılmalıdır.
Qurban Səidin müəllifliyi bir qlobal nəşriyyat-ədəbiyyat brendi kimi hələ də "Əli və Nino" romanının müəllifi olaraq beynəlxalq ədəbi çevrələrdə qəbul edilir.
Bir məsələyə də toxunmaq istəyirəm: “Azərbaycan İnternəşnəl” jurnalının baş redaktoru Betti xanım Bleyerin yazdığına görə, (kitabın üz qabıqlarına “Azərbaycan İnternəşnəl”in veb səhifəsində — www.azer.com da baxa bilərsiniz. Hazırda həmin veb səhifədə 80 üz qabığı sərgilənməkdədir, orada həmçinin, kitabın tərcümə oldunduğu 27 dilin hamısı göstərilib) ərəb, azərbaycan (ingilis, rus və türkcədən çevrilmə variantları. - A.X.), benqal, katalan, çex, holland, ingilis (ingilis dilində kitabın həm də Breyl, korlar və oxuma əlilliyi olanlar üçün versiyaları, danışan kitab versiyası və iri çap nəşri də mövcuddur), fin, fransız, gürcü, alman, yunan, yəhudi, macar, indoneziya, italyan, yapon, norveç, fars, polyak, portuqal (Braziliya və Portuqaliya portuqal dilləri), rus, serb, ispan, isveç və türkcə "Əli və Nino" romanı nəşr olunaraq yüksək tirajla yayılıb. Deməli, bu əsər ortasəviyyəli oxucu dairələrinə hesablanmış romandır, eləcə də Məmməd Əsad bəy imzasıyla nəşr olunan digər iyirmidən çox kitab da həmçinin.
Bəlkə də Qərbdə ozamankı - ötən əsrin ilk yarisinda - Qafqaza və Azərbaycana lap elə indiki kimi maraq o qədər güclənib ki, bəzi işbaz naçirlər bir qurup uğursuz yazardan ibarət "ədəbi zəngilər"ə sirli vəsərgüzəştlərlə dolu Qafqaznamələr yazdırıb bir imza altında nəşr edib, qaz vurub, qazan dondurublar...
Hər halda mən nə azərbaycanlı Əsəd Bəyin yəhudiləşdirilməsinin, nə də yəhudi-belarus nikahından doğulan Lev Nussimbaumun musəlmanlaşdırılmasının - Azərbaycanlılaşdırılmasının tərəfdariyam. Tarix yalanı sevməz, ədəbiyyat tarıxı isə ümumiyyətlə saxtakarlığı qəbul etməz...
Olsun ki, bu mülahizələrim bir qədər mozaik - dağınıq alındı, mümkündür: ayrı-ayrı vaxtda, fəqrli əhval-ruhiyədə kompüterimə yükləyirəm fikirlərimi...
(Ardını gözləyin)
Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 246
"əli və nino"
