Neçə ildir ki, Bin Ladeni tuta bilməyən amerikanlar Aydın Xana müraciət etməlidirlər Sizin əziz canınız üçün, qışın bu soyuq vaxtında adamın yazı yazmağa əli gəlmir. Deyirəm, indi olaydım fövqəladə hallar naziri. Kimsə fikirləşsə ki, bunu yazmaqla Kəmaləddin müəllimin bostanına daş atmaq istəyirəm, o, səhv eləyir. Çünki onun bostanına daş atmaq mənlik deyil.
Birinci ona görə ki, hörmətli nazirimizin bostanına daş atmağa boyum çatmaz. Yəni, əgər, nazirimizin bostanı varsa, yüz faiz onun hasarının hündürlüyü 5-6 metrdir. Bu boyda hündürlüyü aşıb daş atmağa həvəsim yoxdu. O biri tərəfdən onu bilirəm ki, hörmətli Kəmaləddin müəllim kimi səlahiyyət sahibinin bostanı yox, bağı olar. Ona da mənim yaxın düşməyim mümkünsüzdür.
O biri tərəfdən fövqələda hallar yox, lap belə olaydım Neft Şirkətinin prezidenti. Görürsünüzmü, dostlar, indi fikirləşirsiniz ki, mən vəzifə həvəsinə düşmüşəm. Bunu eşidən kimi, Üzeyir Hacıbəyovun adını qoyduğu, indi Ramiz müəllimin deputatı Bəxtiyar Sadıqovun çıxardığı, ara-bir prezidentin də yazı yazdığı “Azərbaycan” qəzetində götürüb yazacaqlar ki, bəs müxalifət hökumətdən vəzifə istəyir. Lap sonra da orda-burda vur-çatlasın başlayacaq. Qalmaqal o qədər böyüyəcək ki, Əli Həsənov dərhal reaksiya verəcək. Tələsməyin cənablar. Hər şey heç də elə deyil. Bilirsinizmi, bunları niyə xatırladım?
Ona görə ki, ində nazir olsaydım, gedərdim Qəbələdəki, Ismayıllıdakı, bir sözlə, ölkənin hər yerində olan “daça”larımın birinə. Tüfəngini itiləyib özünə ov yoldaşı axtaran hörmətli Fəzail Ağamalıya da zəng vurardım. Deyərdim, gəl ov-ovlayaq, quş-quşlayaq. Lap “Dədə Qorqud”da olduğu kimi. Qulluqçular da bizə qulluq eləyərdi. Kef olardı. Bundan sonra qayıdıb Azərbaycanın üç il yox, lap 330 ildən bəri dünyaya liderlik etdiyini söyləməyə nə var ki?.. Amma nə yazıqlar ki, bunlar xəyallardır.
Mən də hökumətimizin kəramətindən qazsız, işıqsız və yolsuz şəhərdə oturub soyuqdan titrəyirəm. Elə soyuqdan titrəyirdim ki, yadıma Aydın Xan düşdü. Yox əşşi... Bu Sisianovla vuruşan, ya da necə deyərlər, Çar Rusiyasına qarşı qəhrəmancasına döyüşmüş rəhmətlik xanlardan deyil. Nə də Naxçıvan XANının qohumudur.
Aydın Xan Anar müəllimin 19 il altı aydır ki, dayanmadan rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Mənim dostum-qardaşımdır. Iki gündən bir salamlaşır, onun “Ədəbiyyat qəzeti”ndəki otağından bir-iki kitab çırpışdırıram. Və hər dəfə də deyirəm ki, qaytaracağam. Bax, bu Aydın Xan hökumətimizə, YAPımıza, lap belə, Hacabala müəllim demişkən, prezidentimizə çox sadiq adamdır. O qədər sadiqdir ki, hətta “Bismillah” sözünün əvəzinə də “prezident” deyir. Özü də and olsun Yazıçılar Birliyinin 800 üzvünün 736-nın canına ki, tayı-bərabəri yoxdur. Sadəcə, daş düşüb YAP-ın başına ki, 40 ilin ölülərindən əl çəkib bu cavan, gənc və yeni istedadı görmürlər. Görsəydilər, Aydın Xan deputatlığa namizədliyini verəndə onu parlamentə seçərdilər.
Ondan sonra Aydın Mirzəzadə ilə Zahid Oruc kölgədə, Siyavuş Novruzov gündə, Mübariz Qurbanlı da qapıda qalmasaydı, hökumət gəlib mənə nə istəyərdi, deyərdi. Ancaq bu olmayıb. Buna görə də Aydın Xan müəllim düz iki gün əvvəl prezidentin dünya ədəbiyyatının görkəmli (yəni, arıq-cılız yox) nümayəndələrinin əsərlərinin öz dilimizə tərcümə olunmasıyla bağlı sərəncamına “alqışlar, alqışlar...” söyləyib. Işim onluq deyil. Xan “Bizim Yol”a deyib ki, “Ilham Heydər oğlu: biz sizinlə 21-ci əsri ram edəcəyimizə inanırıq”. Sonra da qayıdıb ki, bu sərəncamda qüsur axtarmaq, ayıb iş olardı. Hətta deyib ki, Şərq ölkələrində hökmdarlar kitaba düşmən olublar. Amma indi Şərq hökmdarları...
Görürsünüzmü, bu dahiliyi, istedadı? Eşq olsun.
Ancaq, a Aydın Xan, yadına salım ki, əsr at deyil. Ona görə də yəhər-yüyən almaq üçün bazara getmə. Sonra... Sonrasını özün bilərsən. Mənlik nə var?
Çağdaş yaradıcı-ictimai düşüncə sahibi, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) Virtual Dünyası: ədəbi-bədii əsərləri, analitik-kulturoloji yazıları, eləcə də intellektual-fəlsəfi, ictimai-elmi məqalələləri, polemik fikirləri, çəkdiyi bənzərsiz fotoşəkillər, şəbəkə gündəliyi, daha başqa maraqlı intellektual-kulturoloji-estetik-yaşam modelləri...