XX əsrin sonlarında, İyirmi birinci əsrin əvvələrində dünyanı yeni bir texnologiya dalğası bürüdü. İnternet dövrünün hücumlarına hazır olmayan bəşəriyyət tezliklə qlobal informasiya şəbəkəsi adlanan yeni texnologiyanın həmlələrinə dözməli oldu.

Texnoloji dəyişikliklər özüylə tamam fərqli, yeni dünyagörüş, ictimai-mədəni düşüncədə maraqlı istiqamətlər açmış oldu. Yeni ədəbi-mədəni, kulturoloji-estetik, ictimai-elmi standartlar zamanın diqtəsinə öyrəşmiş insanlarda fərqli, interaktiv, yaradıcı münasibətlər tələb edirdi.
Bizlərin çoxu dövrün nəbzini tutmağa çalışdıq, əvvəlcə yeni nəslin nümayəndələri, sonra orta nəslin, sonda isə yaşlı nəslin nümayəndələri yeni ünsiyyət texnologiyalarını mənimsəməyə həvəs göstərməyə başladı.
İndi əksəriyyətimiz hər zaman, istənilən məkanda mobil telefon rabitəsindən yararlanırıq, evdə, işdə, təhsil ocaqlarında kompyuter, İnternet texnologiyası imkanlarıyla əhatələnmişik. Bəs mədəniyyət və ədəbiyyatımız necə, bu yeni texnologiya və onun meydana gətirdiyi fərqli formatlar, kulturoloji modellərə hazırdırmı?
Xaricdə artıq 10 ildən artıqdır ki, bu məsələlər ətrafında geniş müzakirələr, qızğın polemikalar aparılır. Azərbaycan humanitar-mədəni düşüncəsində də qloballaşmanın gətirdiyi yeni bilgi, texniki və kulturoloji texnologiyalar haqqında maraqlı diskussiyalar gedir. İnternet əsrinin, virtual dünyanın gətirdiyi yeniliklərin xeyri və ziyanı, gənclərimizin, yeni nəslin nümayəndələrinin elektron aləmə aludəsi nəticəsində kitab oxumağı yadırğamaları, elektron poçt vasitəsiylə, mobil telefon ismarıclarıyla yazışan virtual internetçilərin tamam fərqli yazı və mütaliə mədəniyyətinin daşıyıcılarına çevrilməsi... İndi az qala muzeylərə, kitabxanalara da virtual baş çəkmək az qala dəb halını alıb.
Bütün bu sadalanan cəhətlər nəinki Azərbaycanımız, həm də bütün dünya üçün həsas problemə çevrilməkdədir.
Azərbaycan Respublikasında məktəblərin kütləvi surətdə kompyuterləşdirilməsi, İnternet bağlantısıyla təmin olunmayı artıq dövlət proqramıyla tənzimlənir. Ölkəmizdə elektron hökumət layihəsi gerçəkləşdirilir, əlaqədar orqanların, nazirlik və digər dövlət qurumlarının İnternet saytları geniş ictimaiyyət və dünya üçün açıqdır.
Belə bir vaxtda Azərbaycan mədəniyyətini və ədəbiyyatını istər 50 milyonluq soydaşlarımıza, istər 300 milyonluq Türk Dünyasına, istərsə də dünya xalqlarına tanıtdırmaq, gedən qlobal proseslərdə həm real, həm də virtual iştirak etməklə yeni texnologiyaların bizlərə veriyi geniş imkanlardan lazımınca yararlana bilərik.
Bu yöndə yaradıcı insanlarımızın, düşüncə sahiblərimizin ədəbiyyat və mədəniyyət xadimlərimizin fərdi saytlarından tutmuş, dövlət qurumları, elm və təhsil mərkəzləri, ictimai qurumlar və əlaqədar təşkilatların yaratmış olduğu internet səhifələrinin, portalların səviyyəsi, günümüzün ən vacib şərtlərindən biridir. Əgər bu günə qədər qlobal virtual məkanda intellektual-informativ, kulturoloji-texnoloji yarışmada Azərbaycandilli şəbəkə resursları zəif idilərsə, indi artıq bu sahədə də bir canlanma hiss olunmaqdadır...
Sözsüz ki, hər bir yenilik müqavimət və qurbanlar tələb edir. Fəqət, yeniliyin qarşısını almaq da olmaz.
Son zamanlar Elektron məkanımızda - Virtual Azərbaycanda yaradılan İnternet saytlarının arasında mədəniyyət, elm, bilgi, təhsil, ədəbiyyat kimi yaradıcı-intellektual sahələrə şamil edilən resursların sayı, həmçinin səviyyəsi get-gedə artmaqdadır.
Özündə milyonlarla elektron kitabları, İnternet resursların ünvanlarını, dünya elektron kitabxanalarının yerini birləşdirən www.xariciedebiyyat.zeriblog.com saytı ölkəmizdə və xaricdə minlərlə şəbəkə istifadəçisinin marağını, diqqətini cəlb etmiş Virtual Hiper Elektron Kitabxana, eləcə də Sadələşdirilmiş Milli e-Axtarış Sistemi kimi yaradılıb.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, eləcə də zaman qarşısında məsuliyyətimi dərk edən intellektual və yazıçı-kulturoloq olaraq ictimaiyyətimiz üçün vacib bir sahəylə məşöulam. Mənim rəhbərliyimlə “Virtual Azərbaycan” Milli-Kulturoloji Layihənin bir hissəsi kimi yaradılan www.artyazar.tk İnternet ünvanlı portalın bir istiqaməti tək indiyədək 100 mindən çox insanın yararlandığı bu qlobal informasiya şəbəkə modeli respublikamızı dünyada, inteqrasiyaya meyilli dünyanı ölkəmizdə tanıtmaq baxımından, eyni zamanda fərqli - virtual mütaliə mədəniyyətini yaymaq, qlobal bilgilərə yiyələnmək, fərqli ünsiyyət forması, interaktiv informasiya əldə etmək sahəsində yenilik kimi də qəbul etmək olar.
800-ə yaxın səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə etmək imkanı qazanır. www.xariciedebiyyat.azeriblog.com ünvanına daxil olmaqla Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümələri də geniş yer alıb.
Saytın geniş resurslarından istifadə etmək pulsuzdur. Mən və dostlarımın təqdimatında dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə, bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual-virtual e-kitabxana hamımıza gərəklidir...