Azərbaycan telekanalları: özəllikləri, gözəllikləri və qüsurlar...
(I Analitik yazı)
Çəkdiyim bu şəklin yazımıza heş bir birbaşa əlaqəsi yoxdur, obrazlı mənada yerləşdirilib. (Foto-obrazın müəllifi: Aydın Xan)
Boz sovet həyat tərzinin sonlarında qəribə bir canlanmayla dirçəlməyə başlayan Azərbaycan lokal milli efir məkanını Dövlət Telekanalının icazəli verilişləri, radionun folklorvari-muğam üstündə qurulma səsli-musiqili informativ susqunluğuyla XX əsrə əlvida deyən, Dağlıq Qarabağ müharibəsi, 20 Yanvar - Xocalı faciələri, dövlət müstəqilliyinin uyuşdurucu romantikası, bazar iqtisadiyyatının qəribə - bir qədər də vəhşi-yerli variantı, kapitalizm quruculuğu, inteqrasiya oyunları, neft dollarının gətirdiyi gəlirlər, qloballaşmanın geosiyasi dalğası, İnternetin virtualizmi, Avropanın açıq cəmiyyəti, demokratiya laylaları, beynəlxalq istiləşmə və başqa bu kimi şoklarla İyirmi birinci yüzilliyə addımlayırdı.
Belə bir dövrdə Azərbaycanın milli efir məkanı genişlənməli, inkişaf etməli, yeni tele-quruculuq islahatlarına getməli, qlobal informasiya texnologiyalarına, formatlara, fərqli televiziya stilinə, fəlsəfəsinə yiyələnməliydi. Biz hələ yeni televiziya estetikası, kütləvi ictimai düşüncə sərbəstliyi, çevik aparacı mədəniyyəti, tamaşaçı zövqünü yüksəltmək, yeni maarifçilik missiyasını yerinə yetirmək, cəmiyyəti düşündürən ictimai-sosial, intellektual-kulturoloji, elmi-mədəni, demokratik məsələləri yaymaq, beynəlxalq aləmdə milli-mədəni imicin formalaşdırmaq, qlobal informasiya yarışmasında iştirak, yeni televiziya kadrlarının yetişdirmək, tarixi-mənəvi sərvətlərin gələcək nəsillərinə çatdırmaq, mədəniyyət və ana dilimizin inkişafı kimi telekanallarımızın üzərinə düşən ciddi vəzifələr barədə yazmaqla araşdırmamızı ağırlaşdırmırıq...
Televiziyanın böyük bir informativ ünsiyyət vasitəsi olduğunu, inteqrasiya dövrünün özəlliklərini birləşdirdiyini hamımız bilirik, amma onun həm də tarixi və arxiv mahiyyətinə bir elə də fakir vermirik. Ümumiyyətlə, biz o millətlərdən sayılırıq ki, tarix yaratsaq da, heç zaman onu yazmaq həvəsində olmamaışıq. Ramiz Fətəliyev (kinostudiya), Elşad Quliyev (Dövlət televiziyası), Cingiz Mustafayev, Alı Mustafayev (müstəqil telejurnalistlər), həmçinin digər dəyərli insanların xidmətləri olmasaydı, vizual informasiyaya daha çox inanan XX-XIX əsrin dünya ictimaiyyətinə nə Qarabağ həqiqətlərini, nə 20 (Qara) Yanvar faciəsini – hadisələrini, nə də Xocalı soyqırımı, eyni zamanda bu kimi aktual tarixi hadisələri çatdıra bilərdik.
Televiziya kanallarımızın son 20 ilinə qısaca nəzər salaq: teletamaşaçılarımız əsasən Azərbaycan dövlət televiziyasının hər iki kanalı, ANS TV, Sara TV, Zaman TV, "ABA" TV, "Space" TV, Lider TV, Azad Azərbaycan TV, Xəzər TV, Sumqayıt TV, Saman yolu TV, İctimai TV və başqa kanalları tanıyır, başqa sözlə desək, adısadalanan kanallar teleməkanımızda və teledüşüncəmizdə özünü təsdiqləyə bilmiş, artıq çağdaş mədəniyyətimizin vizual qatı kimi kulturoloji-humanitar fikir tariximizə düşüblər.
Bütün tərəflərdən tənqid və ictimai qınaqlara baxmayaraq, milli telekanallarımız (radio kanallar ayrıca polemika və araşdırma mövzusudur) çağdaş Azərbaycan cəmiyyətinin görən gözü, eşidən qulağı, danışan dili, dinlənilən sözü, göstərən güzgüsü, xəbər aparan carçısı, elektron çaparı, başqa sözlə, tədqiqatçıların xoşladığı ifadəylə yazsaq, evimizə soxulan mavi pəncərəyə çevrilməkdədir.
AR Milli Televiziya və Radio Yayımları Şurasının son qərarları isə - baxmayaraq ki, teletoloqlar (yeni anlam: televiziya biliciləri) bu qərarları müxtəli yerə yozurlar: məsələn, əcnəbi telekanalların yayımına qadağanı kabel teleyayıcı firmalarının inhisarına xidmət etdiyini, efirin anadililəşdirilməsini dubliyaj studiyalarının mənfəət güdməsi, ümumiləşdirici fakir, ölkənin - bölgənin reklam, şou-biznes sənayesinə yiyələnmək və b. - əslində, məntiqi olaraq, mili teleefir quruculuğunu daha da sürətləndirir.
Yerin süni peykləri vasitəsiylə planetimizi əhatə edən qlobal teleməkanda - biz hələ mobil tv, İnternet tv, rəqəmsal texnologiyaların inkişafına toxunmuruq - milli teleefirimizi pis halda qorumalı, yaxşı mənada necə qabağa aparmalı ki, həm bu yeni mədəniyyət təsisatını inkişafını stimullaşdırmaq, həm də kövrək tamaşaçı kütləsini milli-mənəvi aurada saxlamaq mümkün - asan olsun.
Yaxın Şərq - "əl-Cəzirə" TV təcrübəsi, yoxsa Az TV-nin muğam müsabiqəsi, Türk Dünyası - Türkiyə kanallarının dini-əxlaqi verilişləri, ya da Azad Azərbaycan TV-nin "Yeni ulduz" teleformatı, Qərb aləmi - CNN TV-nin teledəyərləri və ya ANS TV-nin ifrat siyasiləşmə modeli, MDB məkanı - Rusiya - Mədəniyyət kanalının estetik solğunluğu, bəlkə "Space" TV-nin alternativ verilişləri, siyasi silaha çevrilmiş ORT TV (Rusiya), eləcə də polemika və diskussiyalara meyilli Lider TV-nin fəaliyyəti, musiqini kreativ-mədəni, məhsula çevirmiş Avropa Birliyinə Azərbaycanı musiqi ilə calamağa çalışan İctimai TV-nin səyləri: qəti fikir söyləmək çox çətin olsa da, düşünürük ki, multimədəniyyət dövründə sintezləşdirməyə meyl daha doğru metod sayıla bilər.
Onsuz da tarixən və günübugün də Azərbaycan Şərq və Qərb aləminin sərhədləri, Avropa ilə Asiya mədəniyyətlərinin qovuşduğu təmas yeri, müsəlman-xaçpərəst dünyagörüşünün qarşı-qarşıya durduğu bölgə kimi tanınıb, bir sözlə qlobal, inteqrasiyyaya açıq, multimədəniyyətli dünyanın kiçik modeli kimi ad çıxarmışıq. Heç də əbəs yerə dünya dinlərinin bütün əsaslı qolları - Zərdüştlük, buddizm, dopərəstlik, tanrıçılıq, xaçpərəstlik-xristianlıq, İslam ilk dəfə məhz burada - Bütöv Azərbaycanımızın mərkəzində, Urmiya gölü ətrafında təşəkkül tapıb, inkişaf edib, yayılıb...
Beləliklə, millitelekanallarımızın efir fəaliyyətlərinə diqqətimizi cəmləyirik.
Demək olar ki, əksər telekanalların "Xəbərlər" buraxılışı (şou-biznesə xidmət edən verilişlərə toxunmuruq, nə qədər də təəccüblü görünsə də, onlar sivil dünya təcrübəsinin kobud variantını bizdə tətbiq edirlər) efir bazarına çevrilib - müəyyən haqq ödəmək, tanışlıq, teleqruppanı öz nəqliyyat vasitənlə aparıb-gətirmək, inhisarların marağına toxunmamaq, siyasi-iqtisadi senzura, standart çərçivələri dağıtmamaq və daha başqa cəhətlərə diqqət vermək lazımdır ki, hər hansı bir informasiya milli teleefirdə görsənsin. İş o yerə çatıb ki, cəmiyyətin müxtəlif təbəqələri, hətta dövlət qurumları (pulumuz yoxdur, büdcədən kənar layihələri maliyyələşdirə bilmərik və b. bəhanələrlə qulaqlarımızı duyunləmiş məmurlar teleçəkilişlərə 100-800 manatı haradan tapırlar görən?) bu acı reallıqla barışmalı olublar.
Maraqlıdır, telekanallara sonradan satmaqla qazanc əldə etmək imkanını verən informasiya faktlarına görə mənfəət bir yana dursun, heç olmasa, ziyana düşməməklə bağlı çağdaş cəmiyyətimiz hələ də heç bir optimal format tapa bilmir. Dünyanın heç bir yerində belə qeyri-sivil münasibətlər sistemi mövcüd deyil. Əlbəttə, biz onu da başa düşürük ki, Azərbaycanda normal tele-reklamdan qazanc əldə edə bilməyən telekanallarımız bəzən kölgə iqtisadiyyatının metodlarından yararlanmağa üstünlük verirlər. Fəqət onlar(ın sahibləri) unudurlar ki, bu bisnes mədəniyyətini özləri formalaşdırmalıdırlar.
Bizdə isə hər sahədə olduğu kimi, bu məsələdə də inhisar, hər şeyi mən qazanım, bu gün olsun, sabaha cəhənnm kimi vəhşi kapitalizm üsulları dəbdədir...
Dünyanın ən bahalı intellektual-informatıv malına çevrilən xəbərləri bizdə alver malına çeviriblər...
Başqa maraqlı bir məqam: teleefirdə zorrakılığın əleyhinə bütün dünyada mübarizə aparan bir vaxtda milli kanallarımız günün günürta çağında Azərbaycan filimlərində uşaq və yeniyetmələrin psixasına tərbiyyəsinə dəhşətli-dağıntılı təsirlər-təzyiqlər göstərən filmlər - biz hələ real kriminal xəbərlər demirik - efirləyirlər. Amerikanın savaş və dəhşət filmlərindəki qanlı səhnələri tənqid edənlər, nədənsə "Dədə Qorqud" filimində nizələrlə, oxlarla deşmə səhnələrini, "Yeddi oğul istərəm" (yanılmırıqsa, sabiq SSRİ-də ilk savaş filimlərindən sayılır ki, yaradıcılıq təsirləri gedib "Yeddi samuray" filminə çıxır) filmindəki güllələnmə epizodlarını yaddan çıxarırlar...
Əksər telekanallarımızın SMS xəstəliyinə, tele-qumara, ucuz şouya və əcnəbi teleseriallarına sevgisini – meylini - azarını çox güman ki, milli televiziya mədəniyyətinin inkişafına dövlət dəstəyi proqramını hazırlayıb gerçəkləşdirməklə sağaltmaq mümkün olacaq.
Fikrimizcə, informasiya təhlükəsizliyi, informasiya cəmiyyətinə keçid, elektronlaşma və virtuallaşma kimi qlobal basqılarından çıxış yolu kimi dövlətimiz telekanallarımızı rahat biznes, faizsiz kredit, ədalətli reklam bölümü, müdaxiləsiz inkişaf, yaradıcılıq imkanları kimi məsələlərdə stimullaşdırıcı addımların əhatə olunduğu Milli Televiziya Konsepsiyasının - Dövlət Proqramının hazırlanması məqamı yetişib.
Təhlil, tənqid, tövsiyyələrimizi teleyaradıcılıqla məşğul olan dostlarımıza gərəkli sayıb bura əlavə edirik…
Rəsmi dövlət telekanalı imicindən heç cür qurtula bilməyən Az TV, bütün səylərə baxmayaraq, XXI əsrin efir estetikasına keçə bilmir. Baxmayaraq, şəxsən bizim xaricdəki bir sıra tanışlarımız, o sıradan Türkiyə televiziya biligiləri boyunlarına alırlar ki, özlərinin milli teleefirindən doyanda, Az TV-nin xalq musiqisi və art-verilişlərinə tərəf nəzər-diqqət ayırırlar. Bu yerdə bir cəhəti unutmamaq əsas şərtdir: əcnəbilər bizim yağlı kababı, ağır plovu xoşlasalar da. həmişə onu həzm etməyə hazır deyillər.
Az TV-də baş verən son proseslər texnoloji-yaradıcı islahatlardan çox əmlakın mənimsənilməsinə oxşayır: insafən, oradakı bir sıra kulturoloji yeniliklər, şəxsən bizi sevindirməyə bilməz. Milli-mənəvi dəyərləri təbliğindəki rolu, xalq musiqisi, incəsənətin və ədəbiyyatın tanınması kimi dəyərli cəhətlərinə baxmayaraq dövlət televiziyası hələ də efir buzunu əridə bilməyib...
ANS TV-nin son real tele-şouları tele-polemikalardan çox başqa rəqibləri reklam bazarından məğlub etmək, digər telekanalların tamaşaçılarını zorla da olsa, özünüküləşdirməkdir. İlk qiymətin ağırlığına baxmayaraq bu kanalın yeni Azərbaycan milli-humanitar düşüncəsinin formalaşdırılmasındakı rolunu danmaq qeyri-mümkündür. Az TV-yə rəğmən, ANS TV o qədər hərarətlidir ki, məişətdə baş verən zorrakılıq hallarını belə efirə gətirməkdən çəkinmir...
İctimai TV-nin efir-diskussiya meydanına istiqamətlənmiş səyləri təkrarçılığa rəvac versə də, milli ictimai-sosial, elmi-mədəni düşüncənin məntiqli davamı olan siyasi polemikaların kasadlığı, sözün həqiqi mənasında cəmiyyətin bütün təbəqələrinin teleməkanına çevrilməli elektron təsisatın fəaliyyətində çatışmayan tərəflər sayılır. Amma Avropa musiqi bayramı-müsabiqəsinə qatılacaq namizədlərin axırıncı seçim mərhələsinə həsr olunmuş anşlaqlı konsert-tədbir bir daha sübutladı ki, istək olanda, heç bir problem maneçilik törətməz...
"Space" TV yavaş-yavaş mədəniyyət telekanalına çevrilməkdədir: yəqin direktorunun sənətkar olması öz təsirini diqtə edir. Dünya mədəniyyəti, kinosu, milli incəsənət, muğam və ədəbiyyata xərclənən efir vaxtları - beynəlxalq təcrübə də sübut edir - imicgətirici amil olsa da, onu yeni televiziya format və texnologiyaları, elektron tələblərlə üzlaşdırmayanda acınacaqlı nəticələr ortaya çıxaçaq...
"Azad Azərbaycan" TV səviyyəmizə uyğun "Muz TV"yə çevrilməkdədir: heç bir ictimai iddia olmadan şoubiznesi müasir teletexnologiyalarla birləşdirməyə çalışan bu kanalın tamaşaçıları get-gedə genişlənir: xalqımız çalıb-oxumağı sevəndir axı. Elçin Əlibəylinin "El içində" verilişi belə kanalın imicini xilas etməkdə acizdir. Kanalın bizim milli simamızı özümüzə göstərmək baxımından hazırladığı lağlağı verilişlər, nə qədər qəribə səslənsə də, dünya təcrübəsindən qaynaqlanır: ən azı Rusiya və Türkiyə teleməkanına baş çəkmək kifayətdir ki, bunu yaxşı anlayasan - amma surətçıxarma formatı ilə baş qatmağın aqibəti heç də yaxşı nələrisə vəd etmir...
"Lider" telekanalının "Azərbaycan" studiyasında hazırlanan verilişlərin rəngarəncliyi, səviyyəsi nə qədər yüksək olsa da, bu kanalın hazırkı durumu intellektual tamaşaçıları çox qayğılandırır. Son vaxtlara qədər milli teleməkanımızda bir sıra yeniliklər etmiş bu telekanalın tamaşaçıları olanlar artıq digər rəqib kanalların düymələrinə öyrəşirlər. "Maşın" tipli meşşanlığın təbliğinə xidmət edən kanal tamaşaçıların cibinə cirib onsuz da pis yaşamayan sənətçi alverçilərin reklamını rəsmiləşdirməklə hansı məqsəd güddüyünü anlamaq çox çətindir...
"Xəzər" TV yeni yaransa da, ilk addımlarının əyri atmaması üçün bir qədər dünyəviləşməyə istiqamət götürməyi məsləhətdir. Sözün doğrusu, texniki-yaradıcı çatışmazlığını informativliyi və gənc əməkdaşlarının zəhmətsevərliyi ilə ört-basdır etməyə çalışan kanal çağdaş televiziya standartlarına uyğun tele-fəaliyyətə ehtiyac hiss olunmaqdadır...
Bütün bu sadalanan kəm-kəsirlərə baxmayaraq, milli telekanallarımızın çağdaş ictimai-kulturoloji düşüncəsindəki - milli mədəniyyətimizdəki rolunu unutmaq olmaz və onların gördüyü çox işlər əsl tamaşaçı - xalq sevgisinə layiqdir...
P.S. Bizim bütün telekanallarla normal əlaqələrimiz var, onların əksəriyyəti üçün arzuolunan ekspert sayılırıq, bu və digər verilişlərdə vaxtaşırı çıxışlar edirik. Bu analiz yazımız isə milli televiziya mədəniyyətimizin xeyrinə düşünərək qələmə aldıq. Düşünürük ki, dostlarımızın heç biri bizdən inciməz, əksinə, tənqidi qeydlərimizdən nəticə çıxarmaqla, milli televiziyamızın səviyyəsini daha da qaldıracaq, dünya efir məkanında yerimizi möhkəmləndirərlər.
P.P.S. Televiziyaçı dostlarımız, görəsən, bütün sivil ölkələrdə olduğu kimi, bizdə də qonaq çağırnda - verilişlərinizin reytinqini artırdığınız, reklam imkanlarınızı genişləndirdiyiniz zaman ekspertlərinizə qonorar verəcəksiniz, ya hələ çox gözləməli olacağıq..
(Birinci yazının sonu)



