
Yeni Yazarlar və Sənətçilər Qurumunun İdarə Heyətinin bu günlərdə keçirilmiş geniş iclasının Azərbaycan Milli Ordusunun əsgər, çavuş və zabit heyəti üzvlərinə hər ay yeni kitab, eləcə də başqa nəşr nümunələrindən ibarət kulturoloji ərməğan hazırlanmasıyla bağlı qərarına uyğun olaraq mart ayından etibarən Kulturoloji Aksiya keçirir.
"Yazarlardan Milli Ordumuza kitab sovqatı" adlandırılan bu aksiya erməni tapdağından torpaqlarımızın azad olunan vaxta qədər müntəzəm keçiriləcək.
Kulturoloji Aksiyanın əsas məqsədi bütün silahlardan güclü olan elm, bilgi, intellekt vasitəsiylə düşmənin üzərində zəfər çalmaqdan ötrü milli hərbiçilərin dünyagörüşlərini genişləndirmək, əsgər və zabitlərimizin peşəkar hazırlığına yardımçı olmaqdır.
İlk gündən Yeni Yazarlar və Sənətçilər Qurumunun fəal üzvləriylə yanaşı, Azərbaycan Yazıçılar Birliyi, Təhsil Nəşriyyatı, "Araz" Nəşriyyatı, "Ədəbiyyat qəzeti", "Kredo" qəzeti, "Ulduz", "Dünya ədəbiyyatı" dərgiləri, yaşlı yazarlardan Yusif Əhmədov, Əli Rza Xələfli və başqaları aksiyaya dəstək vermiş, həmçinin başqa qələm dostlarımız da bizə qoşulmaqdadır.
Bu gün - martın 7-də Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), YYSQ İdarə Heyətinin üzvü, şair-publisist Səxavət Sahil, eləcə də təşkilatın fəallarından Azər Qarayev "Yazarlardan Milli Ordumuza kitab sovqatı" Kulturoloji Aksiyasının ilk addım kimi Bakı Şəhər Şəbail Rayonu İcra Hakimiyyətinin təhsil və humanitar məsələlər bölməsinin xahişinə əsasən, Azərbaycan Respublikası Milli Ordusunun Bərdə rayonunda yerləşən N saylı hərbi hissənin kitabxanasına bağışlamaqdan ötrü 300-dən artıq ədəbiyyat, dərgi, qəzet və başqa nəşr məhsullarını ünvanına yollamaq üçün məsul əməkdaşlara təhvil vermişlər...
Aksiyanın növbəti hissəsi martın ortalarında baş tutacaq: hərbi hissələrin birinin kitabxanasına ədəbiyyat ərməğanı olacaq və yazarlarla hərbiçilərin canlı ünsiyyətini təşkil ediləcək.
Bizə qoşulmaq istəyənlər saytımıza, e-mail ünvanlarımıza yazılı müraciət edə bilərlər.
Başqa qurumlar, dövlət və QHT-lər, o cümlədən milli maraqlarımızı üstün tutan xeyriyyəçilər və istənilən Azərbaycanımızısevər "Yazarlardan Milli Ordumuza kitab sovqatı" Kulturoloji Aksiyasına dəstək vermək istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi xatırladırıq:
Tel.: (+99412) 418 93 58; 438 03 17; (0-50) 213 40 43; (070) 317 80 01
e-mail: artyazar@yahoo.com
www.yysq.azeriblog.com
www.artyazar.azeriblog.com
Yeni Yazarlar və Sənətçilər Qurumunun "Texnikabank" ASC-dəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
"Texnikabank" ASC Kodu: 506872 VÖEN: 9900000681
Müxbir hesab: 0137010031031 SWİFT: TECİAZ22


