Bir düşünün: düşmüsən ibtidai dövrə, nə İnternet var, nə də e-ədəbi muhit... Bir sözlə, əyalətdə e-batmaqdayam...
Və belə bir andaca işi-gücü onu-bunu sancmaq olan biri də İnternetdə peyda olur və bütün peşəsini qoyur bir qırağa başlayır üzdə olan cavanları, bir sözlə, ədəbiyyatı ölməyə qoymayanları qamçılamağa.
Cavanşir Yusiflini deyirəm: bizlər - fərqi yoxdur, ədəbi iqtidarda, yaxud müxalifətdə olanlar - milli söz sənəti üçün əldən-ayağdan gedəndə cənab Yusifli bir tərcümə şirkəti açıb başladı kommersiya ilə məşğul olmağa, onda nə ədəbi tənqid, nə də ədəbiyyat onun yadına düşürdü. Bizsə elə indinin özündə də can atırıq ki, yeni ədəbiyyata təzə ruh verək...
Hərdən-bir də görücü Məlahət barədə və onun imzasıyla kitablar yazan qardaşı hörmətli Vaqif Yusifliylə xalq yazıçısı Elçin barədə sicilləmələri kitab şəklində oxucuların gözünə soxmağa.
Sonrada məni suçlayır ki, Elçin haqqında niyə (maraqlıdır, cənab Yusifli bilirmi ki, senzorluq bizim məmləkətdə rəsmi surətdə ləğv edilib?) yazmışam. Cavanşir müəllim, heç narahat olmayın, sizin inhisarınızda olan temaya bir daha girişmərəm...
Cavanşir bəyin haradan, hansı gözəgörünməz qüvvədən sifariş aldığını yəqinləşdirmək nə qədər çətin olsa da, bu fikirləri yazanda qeyri-səmimi olduğu göz qabağındadır.
"Buraya son dövrlərdə xüssui intişar tapan qrafoman şüurunu da əlavə etsək, mənzərə bir az da konkretləşər. Belə bir vəziyyət təkcə bədii əsərlərdə deyil, tənqid və ədəbiyyatşünaslıq sahəsində də aparıcı mövqe qazanmaqdadır. Məhz bu dövrdə tənqidçilər üstündən sükutla keçilə bilən hadisələr haqqında silsilə resenziyalarla çıxış edirlər. Bu yazıların əksəriyyətində bütün gərəkli parametrlər mövcuddur – dünya nəzəri fikrinə və düşüncəsinə bələdlik, informasiyanı çatdırma ustalığı və sair, ancaq – tənqid şüuru və əxlaqı yoxdur! Belə demək mümkünsə, tənqid bir məvhum və hadisə kimi mutasiyaya uğrayıb, funksiyasını itirib, iradəsi və əxlaqı olmadığı üçün meyxana ritmini qazanıb (elə bil ki, bütün sərt ittihamlar da səslənir, - ancaq hər şey "xoşbəxt sonluqla bitir" - meyxana tıqqıltılarının və ya çırtmaların müşayiəti ilə-! ). Eyni bir tənqidçinin eyni müəllifə ilin bir fəslində sevgi, digər fəslində isə nifrət məktubaları yazması, bu halların sürəkli şəkildə intişar tapması, digər tərəfdən isə tənqid haqqında icmal və məruzələrdə çox yüksək zirvələri fəth etdiyimizdən danışılması təniqidə və əxlaqa parodiyadır. Ümumi ab-hava, dövrün "fəlsəfə yoxsulluğu" (bəlkə də əqidə yoxsulluğu) demək olar bütün yazıların, saysız-hesabsız kitabların məzmununa güclü təsir göstərmiş, az qala həmin əsərlərin "kitab", "məqalə" və "problem" təyinatını sual altına almışdır. Onlardan bir neçəsinin adını çəkə bilərik. Məsələn, Aydın Xan. "Kulturoloji-alternativ düşüncələr". Bu kitabda nəinki alternativliyə iddia edən hər hansı məqalə və ya sözlə, heç ənənəvi tənqidin üzdə olan əlamətlərini daşıyan, oxucuya nəsə normal informasiya verən yazıyla da rastlaşmadıq. Məqalələrin əksəriyyətində elə bil ki, heç nə oxumayıb bütün ədəbi hadisələr və faktlar haqqında ümumi mülahizələr söyləmək, danışmaq xətrinə danışmaq mərəzi daha qabarıqdır. Görünür, bunun özü də böyük ustalıq tələb edir, Aydının yazıçı Elçin haqqında kitaba daxil etdiy "Tarixin söz formatını yaradan intellektual sənətkar" yazısını nə qədər oxusaq da oradan oxucuya nəsə çatdıran bir informasiyanı götürə bilmədik. Bir dəfə, iki dəfə, Elçinin öz təbiriylə desək, layiq olmadığı halda üçüncü dəfə oxuduq, ancaq yenə bir şey alınmadı. Mənə elə gəlir ki, "kulturologiya" termini Aydın xanı elə hala salıb ki, özü də nə yazdığının və ya nə yazmaq isədiyinin fərqində deyil. "Çağdaş ədəbiyyat tariximizdə maraqlı bir iz buraxmış yazarlardan danışanda, çoxsaylı ədəbi simalarla yanaşı, özünəməxsus bədii yaradıcılığa, fərdi estetik-fəlsəfi düşüncə tərzinə malik ciddi bir imza sahibi də yada düşür: xalq yazıçısı, ədəbiyyatşünas-tənqidçi, kulturoloq Elçin...". Yaxud: "...İstedadlı nasirin yaradıcılığı özünün çoxçalarlılığı və müxtəlif qatlılığı ilə seçildiyinə görə, ədibin qələm məhsullarını təhlilə cəlb edəndə tədqiqatçı bir çox kulturoloji problemləri adlamalıdır. Araşdırıcının intellektual və kulturoloji səviyyəsi, ədəbi-estetik hazırlığı yüksək səviyyədə olmasa, onun güclü və böyük təfəkkür sahibi olan Elçin yaradıcılığını təhlil etmək cəhdi istənilən halda zəif təəssüratların solğun nəticəsini meydana çıxaracaq". Daha sonra: "...Çağdaş Azərbaycan ədəbiyyatında Elçin qədər çox az-az yaradıcı şəxs tapmaq mümkündür ki, milli söz sənətinin zənginləşməsinə xüsusi təkan verən bu qədər sənət axtarışlarına, ədəbi eksperimentçiliyə baş qoşsun, hələ sağlığında mədəniyyət və ədəbiyyat tarixində özünün kulturoloji izini (????? - !) qoya bilsin". Birincisi, "tarixin söz formatı" nə deməkdir? Bütün mətni oxuyanda görürsən ki, sözlər bir-birinə yapışmır, məna yaranmaq istəyən kimi, ayrılır, yaxşı tutmamış suvaq kimi tökülüb yerə düşür. Aydın "kulturoloji" kəlməsini o qədər işlədib urvatdan salır ki, istənilən yazısının adı bəri başdan qeyri-ciddilikdən xəbər verir, təfəkkürün primitivliyi və bürüncəyi xoşlaması - yazmaq xətrinə yazmaq təəssüratı yaradır və onlardan ciddi söhbətin predmeti kimi bəhs etməyin yolunu kəsir. Elçin haqqında yazı daha çox insanın özü-özü ilə məzələnməyinə bənzəyir və bu nisbətən böyük həcmli məqalədə yazıçının kimliyi haqqında heç tezis formasında da yararlı bir mülahizəyə rastlanmaq mümkün deyildir. Onun Anar, Çingiz Əlioğlu və digər qələm adamları haqqında yazıları da beləcə "ələ gəlmir", sadəcə çayxana söhbətlərinə bənzəyir. Qeyri-ciddilik başqa ədəbiyyatşünasların yazılarında da özünün göstərir. Predmet və kateqoriya haqqında danışmaq istəyi nə qədər ciddi görünsə də, mətləbə yetişəndə istəyin özünün mənasızlığı, əyaniləşməməsi tənqidçi mətnini "ələ salır", onu "satır"...
MƏTNİN ƏVVƏLİ VƏ ARXASI BURADA:
Son dövrlərdə canlı ədəbiyyatdan çox arxiv ədəbi məsələlər barədə sicilləmə kitablar yazan Cavanşir müəllim - bilmirəm, bəlkə, biz cavanları qısqanmaqla xal toplamaq fikrinə düşən cənab Yusifli Əli Kərimi, Ramiz Rövşəni, Əkrəm Əylislini (!!!) niyə bu qədər sevir - axır yazılarında hansısa cavan yazar haqqında xoş bir söz yazıbmı?
Hər halda mən ona inanmaq istərdim...
Ardı hələ çox su aparacaq...




Hörmətli Aydın Xan!
Əvvəla, sənin Cavanşir haqqında bu tonda danışmağa heç bir mənəvi haqqın yoxdur. Çünki o, yaşda da səndən böyükdür, başda da. İkincisi, bu adam sənin konkret yazını tənqid edib, sən də bu tənqidə münasibət bildir, onun şəxsiyyətinə yox. Üçüncüsü, Vaqifin məsələyə heç bir dəxli yoxdur. Dördüncüsü, tərcümə kommersiya deyil, halal zəhmətdir. Cavanşir ədəbiyyatı qazanc və alver mənbəyinə çevirənlərdən fərqli olaraq bu zəhməti ilə dolanır. Və mən biləni heç vaxt da ədəbiyyatdan uzaqlaşmayıb, həmişə ədəbi prosesin içində olub. Ədəbi prosesin içində olmaq toy toğlusu kimi ortada fırlanmaq deyil, sözü ilə ona qatılmaqdır. Beşincisi, Ramiz Rövşənlə Əkrəm Əylisli şükür Allaha, salamatdırlar. Əli Kərim isə sənin canlı adlandırdıqlarından daha canlıdır. Altıncısı, çox "biz,biz" deyirsən. Sözünü öz adından söylə. Nəhayət, yeddincisi, sənin "milli söz sənəti üçün" necə "əldən-ayaqdan getməyin" buradakı fəaliyyətindən - başqa bloqlardakı (elə Cavanşirin də bloqundakı) materialları dədə malı kimi çırpışdırmağından bəlli olur. Mən çox dedim,xeyri olmadı,indi isə sənə mənim bloqlarımdakı materiallardan istifadəni rəsmən qadağan edirəm. Get işinlə məşğul ol, "ədəbiyyatı ölməyə qoyma"!
Mart 25, 2008 8:20