Aprel 8, 2008 22:38
E-qalmaqal: Qocatəfəkkürlülərin Azəri İnternetinə e-Səlib Yürüşü
Beləcə, İnternetin açıq bilgi və informasiya paylaşması fəlsəfəsindən xəbərsiz insanlar biz yeni şəbəkə nəslinin nümayəndələrinə total hücuma keçməyə başladılar.
Bəlkə də mən bu e-materialı hazırlamazdım: fəqət, indi də dostcasına xətirlərini dünyalarca istədiyim Cavanşir Yusifli ilə Məsiağa Məhəmmədinin bilərəkdən, yaxud qeyri-şüurlu .əbəkə hərəkəti olmasaydı. Maraqlıdır ki, bu XX əsr düşüncəsindən - neosovet təfəkküründən qurtula bilməyən intellektualların simasında hazırda Azərbaycan milli humanitar-kulturoloji düşüncəsində yeni bir savaşın - nəsillərarası münaqişənin zəmni qoyulmasından qayğılanmasaydım...
Hər şeyi pilləli çatdırmağa çalışacağam: ilkcə isə buraya baxın:
http://xariciedebiyyat.azeriblog.com/2008/04/08/ernst-kassirer-metaforanin-gucu
Burada Cavanşir Yusiflinin yeni tərcüməsini, bütün müəllif hüquqlarına uyğun olaraq yerləşdirmişik - baxmayaraq ki, mütərcim yazı sahibinin heç bir icazəsini almadan bu materialı qeyri-rəsmi olaraq azəricə çevirmiş, hələ üstəlik İnternetdə yayımlamışdır: qoy Beynəlxalq Konvensiya və milli qanunvericiliyə görə ilk istifadəçi məsuliyyət daşısın.
Bizsə açıq ictimai Virtual Kitabxana olaraq dilimizdə olan əldə olunan mətnləri portalımızda toplamağı, millətə çatdırmağı (diqqət yetirin: Aydın Xanın atasına, qohum-əqrabasına deyil, onlar xaricdə yaşayırlar və ingiliscəni, ruscanı əla bilirlər!!!) qarşımıza məqsəd qoymuşuq... Amma bizi insafsızcasına oğurluqda suçlayırlar: əcəba, bizim sayta gündə az qala on dəfə giribən bilgilənən sizlər deyil, nəyə görəsə, Aydın Xan suçlanır.
Etirazın yeri yoxdur, bəs haradan xəbər tutmuşdunuz ki, sizin yazı portalımızda yerləşdirilib, Cavanşir müəllim...
Cavanşir bəy hiddətlə nifrət yağdırır yeni nəslin nümayəndələrinə -mənim simamda (stilistikasına toxunmuruq...):
"Aydın xan! Əldən o qədər qıvraqsan ki, səndə ümumən beyin və düşüncənin olması özlüyündə şübhə doğurur. Vaxtilə Mübariz Cəfərli Azərbaycan ədəbiyyatı üçün çox ziyanı bir iş görüb, sən ədəbiyyatdan getmək istədikdə yolunu kəsib qoymamışdı: gedirsən gecə get ki, görən olmasın, Mən əməyimn məhsulundan məhz SƏNİN istifadə etməyini istəmirəm, Son dəfə deyirəm, mənim heç bir materialımı öz "xəzinəndə" (bu, xəzinə yox, ümumi-ictimai kanaldır, xəzinəni ADAM özü yaradar, sədəqə ilə xəzinə toplamazlar, SƏN əslində ədəbi korrupsiya ilə məşğulsan, adamın abrı olmasa da, heç olmasa cılız təsəvvürü olar) yerləşdirmə, ona görə yox ki, onları özüm yerləşdirirəm, ona görə ki, bu işləri humanitar düşüncəyə heö bir dəxli olmayan bir adamın YANAŞMASINI istəmirəm!"
Necə bilirsiz, yaxşılığa yamanlıq elə vacibdirmi. Fəqət unutmayın ki, məhz bizim də xidmətlərimizə görə Sizin e-ocağınıza kimlərsə hərdən baş çəkirlər: bu qədər qonaqnifrətləyən olmayın, ustad!!!
Beləcə, İnternetin açıq bilgi və informasiya paylaşması fəlsəfəsindən xəbərsiz insanlar biz yeni şəbəkə nəslinin nümayəndələrinə total hücuma keçməyə başladılar.
Əvvəlc başlayaq Cavanşir Yusiflidən: bizim "konfiliktimiz" başlayanda (baxın: http://artyazar.azeriblog.com/2008/03/24/cavanshir-yusifliden-sorushuruq-biz-edebiyyat-uchun-charpishanda-siz-hardaydiz ) mən bir cavab yazdım və bununlada mənasız sözgüləşdirmənin tərəfdarı olmadığımı göstərdim.
Daha sonra Cavanşir bəyin dostu Məsiağa müəllim mənə sərt bir təpki göstərdi: düşündüm ki, daydaylar e-maarifsizlikdən belə çılğın münasibət sərgiləyirlər və özümü eşitməməzliyə vurdum. Fəqət, bıçaq sümüyə dirənəndə, məcburən bəzi e-açıqlamalarımla "yoldaşlar"ın simasında bundan sonrada bizlərə e-səlib müharibəsi elan etmək azarına düşmüşlərə bəzi nəsnələri anladım...
İndisə heç gözləmədiyim və dünyalarca sevgisini qəlbimdə gəzdirdiyim Məsiağa müəllimin yazdıqlarına nəzər salaq (şəbəkə stilistikasına toxunmuruq):
Məsiağa Məhəmmədi yazıb:
"Hörmətli Aydın Xan!
Əvvəla, sənin Cavanşir haqqında bu tonda danışmağa heç bir mənəvi haqqın yoxdur. Çünki o, yaşda da səndən böyükdür, başda da. İkincisi, bu adam sənin konkret yazını tənqid edib, sən də bu tənqidə münasibət bildir, onun şəxsiyyətinə yox. Üçüncüsü, Vaqifin məsələyə heç bir dəxli yoxdur. Dördüncüsü, tərcümə kommersiya deyil, halal zəhmətdir. Cavanşir ədəbiyyatı qazanc və alver mənbəyinə çevirənlərdən fərqli olaraq bu zəhməti ilə dolanır. Və mən biləni heç vaxt da ədəbiyyatdan uzaqlaşmayıb, həmişə ədəbi prosesin içində olub. Ədəbi prosesin içində olmaq toy toğlusu kimi ortada fırlanmaq deyil, sözü ilə ona qatılmaqdır. Beşincisi, Ramiz Rövşənlə Əkrəm Əylisli şükür Allaha, salamatdırlar. Əli Kərim isə sənin canlı adlandırdıqlarından daha canlıdır. Altıncısı, çox "biz,biz" deyirsən. Sözünü öz adından söylə. Nəhayət, yeddincisi, sənin "milli söz sənəti üçün" necə "əldən-ayaqdan getməyin" buradakı fəaliyyətindən - başqa bloqlardakı (elə Cavanşirin də bloqundakı) materialları dədə malı kimi çırpışdırmağından bəlli olur. Mən çox dedim,xeyri olmadı,indi isə sənə mənim bloqlarımdakı materiallardan istifadəni rəsmən qadağan edirəm. Get işinlə məşğul ol, "ədəbiyyatı ölməyə qoyma"!"
Mart 25, 2008 8:20"
Mən də böyük qardaşım kimi sevdiyim həm Məsiağa müəllimin, həm də Cavanşir bəyin diqqətinə çatdırıram:
İradınız: "Əvvəla, sənin Cavanşir haqqında bu tonda danışmağa heç bir mənəvi haqqın yoxdur. Çünki o, yaşda da səndən böyükdür, başda da."
1) Bilginin yaşa nə dəxli var.
2) Heç kimdən, o cümlədən Cavanşir Yusiflidən, lap elə Aydın Xandan büt düzəltmək lazım deyil!!!
3) Bizim evimizi elə o "yaş-baş böyüklüyü" yıxıb da, yaşlılar imkan verməyib ki, kimsə hansısa məsələylə bağlı ağzını açıb bir kəlmə söz desin, həmin andaca yumruğu təpələrinə endirirsiz - bu yaşam tərzi indi də davam edir, əziz Məsiağa...
"İkincisi, bu adam sənin konkret yazını tənqid edib, sən də bu tənqidə münasibət bildir, onun şəxsiyyətinə yox."
1) Heç elə şey yoxdur, bəsdirin totalitar düşüncələri bizə yeritdiniz. Əgər yazı fərdindirsə, deməli onun şəxsiyyətindən də bir parçanı özündə gəzdirir.
Yəni siz Məsiağa müəllim bu yazıdakı nifrəti sezmirsiniz: həmişə sayğıyla kitabları barəsində materiallar yazdığım Cavanşir Yusifli mənim ilk kitabım barədə görün necə qısqanclıqla qeydləri şüalandırır...
"Məsələn, Aydın Xan. "Kulturoloji-alternativ düşüncələr". Bu kitabda nəinki alternativliyə iddia edən hər hansı məqalə və ya sözlə, heç ənənəvi tənqidin üzdə olan əlamətlərini daşıyan, oxucuya nəsə normal informasiya verən yazıyla da rastlaşmadıq. Məqalələrin əksəriyyətində elə bil ki, heç nə oxumayıb bütün ədəbi hadisələr və faktlar haqqında ümumi mülahizələr söyləmək, danışmaq xətrinə danışmaq mərəzi daha qabarıqdır. Görünür, bunun özü də böyük ustalıq tələb edir..." və ya "Aydın "kulturoloji" kəlməsini o qədər işlədib urvatdan salır ki, istənilən yazısının adı bəri başdan qeyri-ciddilikdən xəbər verir, təfəkkürün primitivliyi və bürüncəyi xoşlaması - yazmaq xətrinə yazmaq təəssüratı yaradır və onlardan ciddi söhbətin predmeti kimi bəhs etməyin yolunu kəsir. Elçin haqqında yazı daha çox insanın özü-özü ilə məzələnməyinə bənzəyir və bu nisbətən böyük həcmli məqalədə yazıçının kimliyi haqqında heç tezis formasında da yararlı bir mülahizəyə rastlanmaq mümkün deyildir. Onun Anar, Çingiz Əlioğlu və digər qələm adamları haqqında yazıları da beləcə "ələ gəlmir", sadəcə çayxana söhbətlərinə bənzəyir. Qeyri-ciddilik başqa ədəbiyyatşünasların yazılarında da özünün göstərir. Predmet və kateqoriya haqqında danışmaq istəyi nə qədər ciddi görünsə də, mətləbə yetişəndə istəyin özünün mənasızlığı, əyaniləşməməsi tənqidçi mətnini "ələ salır", onu "satır"...
2) Elə mən də o stilistikaya uyğun olaraq cavab yönəltmişəm...
"Üçüncüsü, Vaqifin məsələyə heç bir dəxli yoxdur."
1) Xeyir ola, siz qocazəkalılara hər şeyi yazıb para qazanmaq mümkündür, biz cavanlar qonorarsız-zadsız kimin barəsindəsə fikirlərimizi oxucularla bölüşəndə dünya dağılar...
"Dördüncüsü, tərcümə kommersiya deyil, halal zəhmətdir. Cavanşir ədəbiyyatı qazanc və alver mənbəyinə çevirənlərdən fərqli olaraq bu zəhməti ilə dolanır. Və mən biləni heç vaxt da ədəbiyyatdan uzaqlaşmayıb, həmişə ədəbi prosesin içində olub."
1) Etirazla tam razıyam, amma birinci hissəsiylə. Bəli, mən yazmışam ki, biz az-maz savadımızla, bilgilərimizlə, iradəmizlə, ən əsası isə zəhmətimizlə çağdaş milli Azərbaycan ədəbi-mədəni prosesini intihardan qurtuldanda, Siz qocadüşüncəlilər yaxanızı kənara çəkmişdiniz. Hansısa kommersiya tərcüməsi, nə bilim kimlərinsə xanımları, sevgililəri üçün namizədlik dissertasiyaları yazmaq hələ ədəbiyyatda olmaq demək deyil (insafən, mən dəqiq mühakimə yürüdə bilmərəm ki, hər ikisinə bu sonuncu ittihamı vermək olar, ya yox...)
"Ədəbi prosesin içində olmaq toy toğlusu kimi ortada fırlanmaq deyil, sözü ilə ona qatılmaqdır."
1) Əgər məni heyvanla eyniləşdirisinizsə, insafınıza buraxıram...
"Beşincisi, Ramiz Rövşənlə Əkrəm Əylisli şükür Allaha, salamatdırlar. Əli Kərim isə sənin canlı adlandırdıqlarından daha canlıdır."
1) Bizə bioloji canlı yox, estetik varlıq lazımdır...
2) Əkrəm Əylislinin deputat kimi yazarlara 1 qəpiklik xeyri varsa, söyün məni...
3) Sonuncu dəfə Ramiz Rövşəndən nə vaxt yeni bir bədii-poetik söz eşitmisiniz, tədqiqatçı dostum?
4) Əli Kərim mənim üçün yox, dünya oxucusundan ötrü sıravi bir çairdir: məcər onun heç olmasa bircə "Yaxşı padşahın nağılı"yanə şeri varmı ki, şəxsini sistemə qarşı çıxmış kimi xarakterizə etmiş olsun, yaxud da zamana qarşı üsyan etmiş olsun...
"Altıncısı, çox "biz,biz" deyirsən. Sözünü öz adından söylə."
1) Mən elə öz şəxsimdin, düşüncəmin və ruhumun adından vəkillik edərək mövqeyimi "biz"ləşdirmişəm.
Və gəlib çıxdıq ən nəhayət əsas mətləbi-iradınıza:
"Nəhayət, yeddincisi, sənin "milli söz sənəti üçün" necə "əldən-ayaqdan getməyin" buradakı fəaliyyətindən - başqa bloqlardakı (elə Cavanşirin də bloqundakı) materialları dədə malı kimi çırpışdırmağından bəlli olur. Mən çox dedim,xeyri olmadı,indi isə sənə mənim bloqlarımdakı materiallardan istifadəni rəsmən qadağan edirəm. Get işinlə məşğul ol, "ədəbiyyatı ölməyə qoyma"!"...
1) Yuxarıda qismən bu suala cavab yazmışam.
2) Mən bütün yazıların üstündə, yaxud altında sizin imzanızı, e-keçidləri saxlayıram.
3) Virtual Kitabcxana da elə real kitabxana kimi bir şeydir.
4) Cənab qocalar, postmodern virtual dünyada yaşayırsız və əgər hələ də biz yenilikçilərə işləyən zamanımızı geri qaytarmaq eşqiylə çarpışırsızsa, həyatınızı boşa vermiş olacaqsınız...
5) Mənə yüz il o yazılar lazım deyil, amma oxumayan, savadsız millətimə və bir də elə sizlərin övlad-nəvələrinizə də gərəkli bir sayt yaratmışıq: əgər işlədə bilərsinizsə, ərməğan etməyə hazırıq sizlərə...
Sonda onu da bildirim ki, bütün bu söz-söhbətlərə - incikliklərə baxmayaraq hər ikinizə zərrə qədər sayğım, sevgim azalmayıb...
P.S. Demişdim axı, bu e-polemika hələ çox "nerv" aparacaq...
Ardını səbirsizliklə arayın: mütləq gələcək...
Kulturologiya: yeni dünyagörüş, Haqqımda: özgə gözlə, Kulturoloji muqavimət | Şərhlər(2) | Baxış sayı: 166
Derhal hiss olunur ki, meselenin kokunde sade "ogurluq" fakti dayanmir... planli bir ishe oxshayir... eks halda, muellifler normal terzde Aydin'a etirazlarini bildirer ya da, yazinin setrine mes. USD 0.10 pul isteyerdiler... eger Aydin razi olmasaydi, o zaman, yene normal shekilde, shexsi keyfiyyetleri goze soxmadan tedbirler gormek olardi... Ne ise, ugurlar...
Aprel 11, 2008 12:39

Bir yazını tam surətdə digər blogda kopy etmək hansi müəllif hüquqlarına uyğundu? bəlkə yazının sonunda yeləşdirdiyini yazının keçidin deyirsiz?
əslində sən gərək özündən bir neçə sətrdə bu barədə yazib ziyaratçıni davamın oxumaq üçün o yazının zəhmətin çəkən və hazırliyan şəxsin blogına istinad verəsən. əgər istinad verməkilə maraqlanmırsan heç onun yazısın blogında yazma! mənim qardaşım, bilirsən ki bir yazının neçə blogda eyni surətdə təkrar olunmasi, heç xeyri yoxdu. əslində bu çox səviyyəsizlikdi. blog hər kimsənin öz fikirləri və baxışlari barədə olmalıdi. yoxsa digər saytlardan yazılari tam kopy etmək elədə ədəbiyyat sahəsində məşqul olan sizin kimi şəxsə və ya digər istifadəçilərə yaramaz.
sizin üçün uğurlar
Aprel 10, 2008 12:34