Aydın Xan (Əbilov),
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
"Bizim mövqe" qəzetinin 27 noyabr - 10 dekabr
tarixli (N 13-14)sayında dərc edilib.
Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən hazırlanmış, artıq üç aya yaxın bir müddət ərzində gerçəkləşdirilən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Azərbaycan: müxtəlif mədəniyyətlərin birləşdiyi Ümumi Evimiz” adlı kulturoloji layihənin nəticəsi kimi bugünlərdə “Bir xalçanın ilmələri” adlı antologiya işıq üzü görəcək.
Bəri başdan bu layihə üzərində çalışanlara – onun icraçılarına, o cümlədən, şifahi xalq ədəbiyyatı, etnik mədəniyyət yaddaşının qoruyuçularına, Azərbaycanın ənənəvi folklorunun daşıyıcılarına, respublikanın bölgə, şəhər və kəndlərinin ədəbiyyatsevər sakinlərinə minnətdarlığımızı bildiririk.
Onu da xatırladaq ki, adı çəkilən kulturoloji layihənin tərkib hissəsi kimi Azərbaycanda yaşayan azsaylı xalqların ədəbiyyat antologiyası sanballı kitab şəkilində ilk dəfə nəşr olunacaq.
Antologiyanın şəbəkə - elektron variantı ilə www.antologiya.azeriblog.com ünvanlı İnternet saytından tanış olmaq mümkündür.
Yaradıcı qrup olaraq biz bu antologiyanı nəşrə hazırlayan zaman maraqlı mədəniyyət – folklor və ədəbiyyat hadisələri, faktları ilə rastlaşdıq. Araşdırıcılarımız tərəfindən toplanmış, sistemli halda tədqiq və tərcümə edilmiş, çox hissəsi bu kitabda yer almış bu ədəbi-bədii, poetik-tərcümə materialları bir daha sübut edir ki, Azərbaycan Respublikası ölkəmizdə yaşayan, eləcə də dünyanın hər tərəfinə səpələnmiş, özünü azərbaycanlı sayan müxtəlif xalqların, millətlərin, etnik qrupların 50 milyondan çox nümayəndəsinin kulturoloji-mədəni mərkəzi, bir sözlə, mənəvi-mədəni məkanıdır.
Ədəbi-bədii nümunələrin müəlliflərinin yaradıcılığına diqqət edəndə, görürük ki, onların çoxu həm milli dillərində, həm də Azərbaycan Respublikasının dövlət dili sayılan azərbaycanca yazıb-yaradırlar. Hətta elə xalqların ədəbiyyatı var ki, orada aparıcı ədəbi dil azərbaycancadır. Bu da onu bir daha sübut edir ki, doğrudan da Azərbaycan Respublikası müxtəlif millətlərin, mədəniyyətlərin, hətta dinlərin və dillərin yanaşı mövcüd olduğu sivil ölkədir. Əsas mədəniyyət Azərbaycan türklərinin yaratdığı kulturoloji-estetik təməl üzərində inkişaf edir, milli rəngarənglik bütöv Azərbaycan milli-mədəni dəyərlərini çağdaş sivilizasiya proseslərinə cavab verən qlobal intellektual standartlarına çevirir.
Cənubi Qafqazda, Xəzər dənizindən qərbdə yerləşən Azərbaycan Respublikasında müxtəlif azsaylı millət və xalqlar yaşayır. Burada əhalinin 90%-dən çoxunu təşkil edən azərbaycanlılarla - Azərbaycan türkləriylə yanaşı, ruslar, talışlar, ləzgilər, gürcülər (ingloylar), avarlar, saxurlar, yəhudilər, tatarlar, kürdlər kimi milli və etnik azlıqlar əsrlər boyu yanaşı yaşamışdır.
Tarixən də doğma məmləkətimiz dinlərarası, mədəniyyətlərarası tolerantlıq ocağı olaraq bütün dünyada tanınır. Azərbaycanda yaşayan bütün millətlər və xalqlar tarixən uzunmüddətli birgə yaşayış şəraitində özlərinə məxsus milli-mədəni və folklor ənənələrini uğurla qoruyub saxlamışlar. Azsaylı xalqların əlvan folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Qafqazdilli xalqlara mənsub olan ləzgilər, avarlar, saxurlar Dağıstan Muxtar Respublikası ilə yanaşı, Azərbaycanın bir sıra şimal və şimal-qərb rayonlarında məskunlaşmışlar. Eyni ərazinin Qəbələ və Oğuz rayonlarında tarixi Qafqaz Albaniyasının xalqlarından olan «udi» (udin) icmalarına rast gəlirik.
Gürcüstan Respubliksıyla həmsərhəd olan Qax, eləcə də Balakən rayonunda xaçpərəst gürcülər və yengiloyların - ingloyların (gürcüdilli müsəlmanların) yaşadığı kənd var.
İrandilli xalqlardan tatlar, talışlar, müsəlman kürdlər, iudaizmə sitayiş edən dağ yəhudləri əsrlərdən bəri Azərbaycanda məskunlaşmışlar. Müxtəlif mənşəli xaçpərəst xalqları (ruslar, assiriyalılar və b.), eləcə də yəhudilər (aşkenazi) fərqli dil qrupuna mənsubdurlar. Ruslar və yəhudilər Azərbaycanın etnik xaritəsinə XIX əsrin əvvəllərindən daxil olmuşlarsa, assiriyalılar yurdumuza bir əsr sonra gəldilər.
Azərbaycanda yaşayan xalqların milli-etnik folklorunda zənginlik tədqiqatçıların hər zaman diqqətini cəlb etmişdir. Qeyd etmək lazımdır ki, əmək, mərasim və mövsüm nəğmələri, layla və ağılar, lirik mahnılar və instrumental rəqs havaları hər bir mədəniyyət daxilində xüsusi təzahür formalarına malikdir.
Məsələn, qədim millətlərdən biri olan talışların musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Qadınlar tərəfindən ifa olunan nisbətən yaxşı qorunub saxlanılmış əmək, toy, mövsüm mərasim nəğmələri, «halay» mahnı-rəqsləri məlumdur. Bir çox mahnı nümunələri həm talış, həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir.
Azərbaycanın müxtəlif xalqları və etnik qrupları arasında mövcüd olan folklor əlaqələri və qarşılıqlı təsirlər coğrafi və tarixi amillərdən asılıdır. Respublikamızın ərazisində uzun əsrlər boyu yaşayan xalqların musiqi və folkloru qarşılıqlı bəhrələnməyə məruz qalmış, ayrı-ayrı hallarda şeir eləcə də musiqi ünşürlərində ikidillik hadisəsini meydana gətirmişdir. Bu mənada talışların və tatların, qismən də saxurların və dağ yəhudilərinin folklor mədəniyyətlərini qeyd etmək olar.
Azərbaycanın bütün xalqlarının zəngin mədəniyyəti - ədəbiyyatı demokratik cəmiyyətimizin həmrəyliyi üçün xüsusi əhəmiyyətə malikdir.
Bu məqamda XX əsr Azərbaycan maarifi və ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin maraqlı bir fikiri yada düşür: “Bir günəşin zərrəsiyik biz...”
Bu antologiyaya talış, ləzgi, dağ yəhudiləri, tat, udin (udi), kürd, avar folkloru, poeziya və nəsrini – orijinalda, Azərbaycan dilində, eləcə də bu millətlərin nümayəndələri olan qələm adamlarının azərbaycanca yaratdıqları əsərlərdən nümunələri daxil etmişik.
Layihə çərçivəsində nəzərdə tutulan bölgələrə səfərlərimiz zamanı aşağıdakı faktları dəqiqləşdirə bildik.
Apardığımız müşahidələrdən belə nəticələr çıxarmaq mümkündür ki, çağdaş Azərbaycan ədəbiyyatına və milli ədəbi prosesə fəal qoşulan nümayəndələrinin sayına görə talışlar və ləzgilər üstünlük təşkil edir: sözsüz, bu məsələdə həmin millətlərdən olanların ümümi sayının çoxluğunu və tarixi-mədəni amilləri unutmaq olmaz. Daha sonrakı yerləri dağ yəhudiləri, tat, udin (udi), kürd, avar, saxur kimi azsaylı millətlər və xalqların nümayəndələri tutur.
Kulturoloji layihəmiz və onun son nəticəsi kimi nəşrə hazırlanan antologiya Azərbaycanda bunaqədərki aparılan ədəbi-mədəni fəaliyyətlərin davamı olaraq aşağıdakı məqsədlərə xidmət edir:
- Azərbaycanın Respublikasında yaşayan müxtəlif xalqların milli-etnik mədəniyyətləri - ədəbiyyatı və folklor nümunələri barədə təsəvvürləri genişləndirir;
- Dünyanın mədəni-kulturoloji və ədəbi-filoloji ictimaiyyətini Azərbaycanda yaşayan azsaylı xalqların etnik mədəniyyət xəritəsiylə tanış edir;
- Yaradıcı insanların, filoloqların, tədqiqatçıların və tələbə gənclərin humanitar biliklərinin zənginləşdirilməsinə imkan yaradır;
- Azərbaycanda uzun müddət yerli etnosla yanaşı yaşayan azsaylı xalqlarının ədəbiyyatının qorunmasına kömək edir;
- İstər yerli əhali, istərsə də turistlər tərəfindən mədəni - ədəbi-bədii sərvətlərin qorunması ilə bağlı qayğının yüksəlməsinə yardımçı olur;
- Ənənəvi xalq folkloru və ədəbiyyatını, onların movcud olduğu bölgələrdə mühafizə edir;
- Eko-turizm, kulturologiya, regionşünaslıq, art-turizm, etno-turizm sahələrinin inkişafına təkan verir;
- Azərbaycanda yaşayan xalqların köklü ənənəvi mədəniyyəti - ədəbiyyatı və folkloru üzərində müəlliflik hüququnu möhkəmləndirir;
- Milli azlıqların dillərinin, eyni zamanda o dillərdə yaranan ədəbi-bədii əsərlərin, folklor nümunələrinin qorunub gələcək nəsillərə ötürülməsinə kömək edir və b.
Eyni zamanda onu da bildirmək istəyirik ki, layihəmiz insan haqlarına dair beynəlxalq – hüquqi aktlara və milli azlıqların qorunmasına dair çərçivə konvensiyasına əsaslanır; UNESCO-nun Milli müxtəliflik haqqında ümumi Deklarasiyasının (2001), Qeyri-maddi mədəni irsin qorunması haqqında beynəlxalq Konvensiyasının (2003), Mədəni özünü ifadə formalarının rəngarəngliyinin qorunması və artırılması haqqında Konvensiyasının (2005) müddəalarında öz əksini tapmış qeyri – maddi mədəni irsin mədəniyyətin rəngarəngliyinin qaynaqları və sabit inkişafının təminatçısı kimi əhəmiyyətinə diqqət yetirir; Beynəlxalq intellektual mülkiyyət təşkilatının 1998-ci ildən başlayaraq, intellektual mülkiyyət sahəsində yeni istiqamətin – ənənəvi biliklərin qorunması probleminin irəli sürülməsində təşəbbüslərini nəzərə alır; Azərbaycan Respublikasının Konstitusiyasını, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» və «Folklor nümunələrinin hüquqi qorunmasına dair» Azərbaycan Respublikasının Qanunlarını qəbul edir.
Azərbaycanımızın - doğma məmləkətimizin əsl sivilizasiya və tolerantlıq mərkəzi kimi dünyaya tanıtmaqda bu kimi kulturoloji layihələrin rolu böyükdür. Bu istiqamətdə həyata keçirilən kulturoloji-ədəbi layihələrin sayını artırmaqla, davamlığını təmin etməklə, yenilərini hazırlamaqla, daha da böyük uğurlar əldə etmək olar.







Görəsən niyə belə olur: biri sevgilisinə - müğənni Ruhiyə 2 milyonluq avtomobil alır, digəri qızına... Amma biz intellektuallar sadə adamından tutmuş dövlət rəsmilərinə qədər yazıb yalvarırıq, o maşınların təkərinin dəyəri qədər bir maddi vəsaiti dilənə bilmirik ki, millətin gələcəyindən ötrü virtual kitabxanamızı bilgili ağ günə çıxaraq... Aydın Xan (Əbilov)

