İyun 13, 2008 23:00
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının II Ümumrespublika sərgisi
Bu dəli - küləkli yay günündə, yəni iyunun 13-də Bakı İdman Sarayında, ötən il olduöu kimi, bu dəfə də maraqlı, hesabatxarakterli tədbir - Azərbaycan

Respublikası Gənclər Təşkilatlarının II Ümumrespublika sərgisi keçirildi.
Elm, təhsil, mədəniyyət, regionlarla iş, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, vətənpərvərlik tərbiyəsi, ekologiya, iqtisadiyyat, qaçqın və məcburi köçkünlərin reabilitasiyası, onların cəmiyyətə uyğunlaşması, mədəniyyətlərarası əməkdaşlıq sahələrini əhatə edən, bu istiqamətdə görülən işlər nümayişi nəzərdə tutulan tədbirdə ilk yadda qalan hal... cəmiyyətin soyuq münasibəti idi. Necə deyərlər, özümüz özümüzə baxdıq.
Sərginin məqsədi gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai proseslərə cəlb edilməsini stimullaşdırmaq olosa da, əslində daha geniş içtimaiyyət qarşısında birillik hesabata hazırlaşmışdıq: biz - Yeni Yazarlar və Sənətçilər Qurumunu təmsil edərək cavan nəsil yaradıcı insanların kitablarını, il ərzində həyata keçirtdiyimiz art-layihələr, kulturoloji proqram və tədbirlər barədə bilgiləri bölüşməkdə həvəsli idik...
Ötən il olduğu kimi, bu dəfə də 80-ə yaxın gənclər təşkilatı fəaliyyətləri ilə bağlı filmlər, bukletlər, kitablar və digər çap məhsulları, layihələr təqdim edildi. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə həyata keçirilirdi.
Sərgi iştirakçıları qarşısında çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirdi ki, dövlətin gənclərlə bağlı siyasətinin əsas istiqamətlərindən biri onların ictimai birliklərinin yaradılmasına hərtərəfli yardım etmək, səmərəli işinin təşkilinə nail olmaqdır. Sevindirici haldır ki, son illər gənclər müxtəlif yönümlü təşkilatlarda birləşərək ölkənin ictimai həyatında fəal mövqe nümayiş etdirirlər. İstedadlı və bacarıqlı gənclərin üzə çıxarılmasında, onlarda müəyyən idarəetmə və liderlik qabiliyyətlərinin formalaşmasında ictimai işlərin, o cümlədən qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərməyin böyük əhəmiyyəti vardır.
Statistik rəqəmlərə misal gətirən A.Rəhimov vurğuladı ki, bu gün ölkəmizdə rəsmi dövlət qeydiyyatından keçmiş gənclər təşkilatlarının sayı 170-dən artıqdır. Bu təşkilatların sayı ildən-ilə çoxalır: 2003-cü ildə 7 təşkilat qeydiyyata alındığı halda, 2007-ci ildə bu rəqəm 31-ə çatmışdır. Bu baxımdan Gənclər və İdman Nazirliyinin nəzdində gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir.
Keçən il təşkil edilmiş ilk sərginin nəticələrini müsbət qiymətləndirən A.Rəhimov bildirdi ki, bu cür tədbirlərin keçirilməsi cəmiyyətdə gənclər təşkilatlarına olan münasibəti kökündən dəyişməklə yanaşı, gənclərin ictimai işə marağını da artırır.
Gənclər Təşkilatlarının II Ümumrespublika sərgisində Azərbaycan Respublikası Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov də çıxış etdi. Azərbaycan xalqının müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən danışan Əli Həsənov dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin iqtisadi qüdrətinin artmasında gənclərimizin rolunu yüksək dəyərləndirdi. 1993-cü ildən başlayaraq gənclərin ölkənin ictimai-siyasi həyatında fəaliyyətini genişləndirmək məqsədi ilə bir sıra mühüm dövlət proqramları, layihələr həyata keçirildiyini, bunun məqsədinin sağlam və istedadlı, vətənpərvər, müasir təfəkkürə malik yeni nəslin yetişdirilməsi olduğunu vurğulayan Ə.Həsənov qeyd etdi ki, dövlətimiz məhz belə gənclərə güvənir və həmişə onlara arxa durmağa hazırdır.
Sonra qonaqlar sərgi ilə yaxından tanış oldular, gənclər təşkilatlarının son bir ildə gördükləri işlərlə maraqlandılar...
E-gündəlik, İctimai fəallıq | Şərhlər(1) | Baxış sayı: 50

Çox gözəl.Təbrik edirəm. Təəssüf ki, mən görə bilmədim. Amma inşallah gələn il öz təşkilatımla bu sərgiyə qatılacam. Sizə uğurlar!
İyun 14, 2008 4:53