İyun 18, 2008 23:32
Yeni hekayə: "Full ölüm"
“Bircə kərə məni öldürənin yuxusuna girsəydim…”
Eminin əzablarına bağışlanır...

Ətrafdakılar bizi uşaqlıqdan dostluq edən, bir-birinin xətrini dünyalar qədər istəyən iki gənc kimi tanısa da, əslində mənim Elçinlə yoldaşlıq münasibətlərimdə artıq böyük çatlar əmələ gəlmişdi.
Hər gün görüşsək də, bir-birimizdən ötrü tez-tez darıxsaq da, elə vaxt olmazdı ki, aramızda mübahisə, hətta münaqişə qızışmasın. Bu mübahisələrin səbəbi barədə isə heç danışmağa dəyməz: seksdən tutmuş, ta ən yeni kompyuter (görəsən, bu sözü qanunauyğun qeyd elədim: əvvəllər kompüter yazmalı idik, bu yaxınlarda işi-gücü olmayan Nazirlər Kabinetinin xüsusi qərarına görə bu əcnəbi kəlmənin yazı forması məhz belə olmalıdır) texnikalarına – yeni Vista proqramına qədər hər şeydən bir əmma çıxarırdıq. Elə belə də olmalıydı, yaşımızın elə çağıydı ki, mübahisəyə meylimiz get-gedə artırdı. Bircə məsələ hər ikimizi artıq qayğılandırmağa başlamışdı: biz getdikcə boş və mənasız yerə mübahisələrə, xırdaçılıqlara yuvarlanırdıq...
Lap bu yaxınlarda - növbəti söz savaşından sonra isə dostum Elçin qəribə bir təklif irəli sürdü:
- Amil, dostluğumuz yarımçıq qırılmasın deyə, gəlsənə, bir müddət aralı gəzək. Bəlkə ağlımız başımıza gəldi. Əsl yaxın yoldaş kimi aramızda yırtılmış dostluq pərdəsini əlahəzrət zaman yəqin yamayar...
Ən zəhləm getdiyim şeydir: bu Elçin hər vaxt filosofluq etməkdən ötrü sino gedir də. Düzdür, savadda, ağılda, bir sözlə, elm və helmdə o məndən çox-çox irəli qaçsa da, hərdən bu intellektuallıq həm onun, həm də dostu kimi mənim bütün olan-qalan yaşam həvəsimin üstünə bədbinlik duyğuları səpir. Bir də görürsən ki, Qafqazda yaşayan millətlər sivilizasiya gedişatından kənarda qalıb, nə bilim bizim kimi elə Ermənistanda da bu minvalla yaxın gələcəkdə demokratik və açıq cəmiyyət qura bilməzlər, nə bilim, dünyanın ən ali neməti insan azadlığıdır və bu kimi siyasi-demaqoq söhbətlər etməyə. Bu haqda dövlət qulluğunda məsul vəzifədə çalışan atama danışanda kişi Elçini də, onun yeddi qatını da söyüb batırdı: “Müxalifətçi biqeyrətlər, piçiyin ağzı üzümə çatmayanda, turşdur deyər...”
Atam bilməsə də, Elçinin belə liberal düşüncələrinin haradan qaynaqlandığını gözəl anlayırdım. O, hələ orta məktəbdə oxuyanda amerikalıların açdığı debat kulubun fəalı kimi tanınırdı. Türkiyədə ali təhsil alanda Elçin solçulara qoşulmuş, bir qədər keçəndən üzü bu yana özünü əsl açıq düşüncəli demokrat-liberal sayırdı. Bu barədə mənə yazdığı e-namələri hələ də elektron poçtumun yaddaşında qoruyub saxlayıram...
Onunla yalnız ədəbiyyatdan, fəlsəfədən, başqa planetdəki yaşayışın olub-olmamasından və bu kimi gic-gic məsələlərdən danışanda rahat nəfəs ala bilirəm. Əvvəllər mən məktəbdə rusca təhsil aldığıma görə, bilgilərim daha çağdaş idi. Elçinin isə dünyagörüşünü Azərbaycan sektorunda təhsil alması zibilə çevirsə də, sonradan Türkiyə həyatı onu çox-çox qabağa aparmışdı. Onun düşüncə forması çox qəribə idi: istənilən məsələdə özünəməxsus bənzərsizlik nümayiş etdirməklə hətta qatığın rəngini dəyişmək iqtidarında idi bu dəlibaşlı dostum...
İndi mənim hər şeyim – bankda yüksəkməvacibli iş yerim, altımda atamın aldığı “BMV – 5” idmanstilli avtomobilim, təzə tikililərdə beşotaqlı avrotəmirli mənzilim olsa da, uşaqlıq dostlarımdan yalnız Elçindən ayrıla bilməmişdim. O mənim bütün nazıma dözür, amma bu da aramızdakı ünsiyyət bağlarının indiyə qədər də kəsilməməsinə əsas səbəb deyil. Ondakı xüsusi əda, həyata qəribə fəlsəfi baxışları, ən əsası isə düşüncələrindəki səmimiyyət məni maqnit kimi özünə cəlb etmişdi.
Son vaxtlar görüşlərimizdə fasilələr verilirdi. Elçin bir neçə universitetdə dərs deyir, sərbəst vaxtlarında isə ictimai fəaliyyətə daha çox vaxt ayırıdı. Mən bəzən ona telefon açıb dostumla məzələnirdim: “Məhəllə uşağı, hərdən bazlıq eləmətyə də vaxt ayır, yoxsa, bir də başını qaldırıb görərsən ki, həyat cavanlığını ömründən qapıb apardı...”
...Həmin gün baş verənləri isə unutmaq üçün dünyanın dağılması da bəs etməz. Deyəsən şənbə gününün hərarətli axşamı idi. Elçinə zəng edib görüş vədələşdim.
Görüşdük, söhbətləşdik, onu güc-bəlayla iki gözəlçə tanışım ilə birgə axşam sauna ziyafətinə razı sala bildim. Elçin bircə şərtlə razılaşdı:
- Axşam musiqi yarışmasına baxıb sonra hara desən gedərik, qulluğunda hazıram!!!
- Xeyir ola qardaşım, mənə bir minnət də qoyursan? – mən də dilimi yerində dinc qoymadım...
Nə başınızı ağrıdım, o faciə baş verəndə hər ikimiz Yasamaldakı çayxanaların birində Avropa televiziya musiqi yarışmasının final mərhələsinə tamaşa edirdik.
İndilərin Yasamalı XX əsrin ortalarındakı dağlıların qayda-qanun ixtira etdikləri məhəllələrinə bənzəməsə də, hər halda qədeşlik məkanı olaraq qalırdı: necə deyərlər, mənfi adət-ənənələri qoruyanlar tapılır da hər zaman...
Nə isə, əsas hadisəni sizə danışmaq istəyirəm. Televiziya yarışmasında Avropa ölkələriylə yanaşı Azərbaycan və bizim XXI yüzillik olmasına baxmayaraq, hələ də aramızdakı mənasız – Qarabağ adlı iyirmiillik münaqişəni çözə bilmədiyimiz Ermənistanın da sənətçi nümayəndəsi iştirak edirdi. Düzü, o gözəlçə mənim də xouma gəlirdi, oxumağından çox, yaraçıqlı qamətinə valeh olmuşdum.
Güman edirəm, çoxlarınız dünyanın aparıcı telekanallarında göstərilən o musiqi yarışmasında kimlərin necə və pərdəarxası hansı siyasi oyunlar nəticəsində qalib çıxdığını yaxşı xatırlayırsız. Odur, təfərrüatları ilə təsvir etməyə can atmıram.
Çayxanada oturanların bir neçəsi, o cümlədən də mən və Elçin başladıq mobil telefonumuzla seçdiyimiz müxtəlif ölkənin musiqiçi nümayəndələrinə SMS-səs göndərməyə.
Qəfilədn sanki ağlım çöndü və bir ağıza qayıdıb dostum Elçindən soruşdum:
- Elişka, sən hansı ölkəya səs verirsən...
- Ermənistana!!! – Elçin də öz növbəsində sanki qəsdən hammının eşidəcəyi tonda – az qala çığıra-çığıra cavab verdi...
- Başa düşmədim..?
- Karsan, deyirəm ki, erməni müğənnisinə...
Və bütün faciə də bundan sonra baş verdi.
Çayxanadakılar sanki bir nəfər kimi ayağa qalxıb bizim üstümüzə gəldilər:
- Qaqaş, sən çaşıbsan deyəsən?!
- Kimə, kimə deyirsən, səs verdin?!
- Sən özümn yarımermənilərdən deyilsən ki?
Az qala ürəyim köksümdən çıxsın. İnsafən, qaqaşlar mənə deyil, nifrətlərini Elçinin üstünə çırpırdılar. Fürsəti əldən verməyib basdım bayıra: nə edim, can şirin şeydir, qardaş...
Elçinin zil səsi indi də qulağımda səslənir:
- Sizin nəyinizə gərəkdir ki, şəxsən mən kimə səs göndərirəm...
Sonra baş verənləri danışmaq mənə çox çətindir: gördüklərim hər gecə yuxumda məni qana boyayır...
Elçinin sifətinə dəyən yumruq və şillələrin səsi indi də qulağımda eşidilir. Ətrafdakılar sanki idarəolunmaz qüvvəyə - cansız qatil maşınına dönmuşdulər. Onlar elə bil qəddarlıqda bir-birinə bəhsə girmişdilər. Yerə yıxılmış Elçinə şapalaq atan kim, təpik vuran kim, döyülmə aktını onmərtəbəli söyüşlə müşahidə edən kim. Aralarındakı bir neçə ağgiyər manyak isə heç nə baş verməmiş kimi oolayı mobil telefonun kamerasıyla çəkməkdən belə cəkinmirdi...
Yaxınlıqdakı Post-Patrul Xidməti əməkdaşları olan sahə poliş nəfərləri hadisə yerinə özünü yetirib insanları Elçindən aralamaq istəyəndə kimsə qışqırdı:
- Bu oğraş düşmənlərimiz olan, ana-bacılarımızı əsir edən, Qarabağımızı əlimizdən alan ermənilərin müğənnisinə SMS-səs göndərir. Ona görə də cəzalandırırıq...
Polis əməkdaşları geri – xidməti maşınına doğru addımlaya-addımlaya bir ağıza qayıtdılar:
- Vurun, ə, o it oğlunu. Amma ehtiyatlı olun ki, heyvan kmi cəbərməsin...
Bədənində elektrik cərəyanı keçmiş və şoka düşmüş şəxs kimi elə yerimdəcə donub qalmışdım. Gözlərimin önündəcə uşaqlığımdan üzü bəri bütün duyğularımı paylaşdığım, sevincinə-kədərinə şərik olduğum dostumun ağbənizində ölüm şəklini həkk edənlərə tamaşa edirdim...
Elə indi də bütün bu dəhşəti yazanda düşünürəm ki, Elçin mənim uşaqlığımın bir parçasıydı və onu tək qoymaqla ömrümün ən əziz çağlarını ölümün altına – vəhşilərin zorlamağına buraxmışam.
Al-qana boyanmış Elçin isə dilini dinc qoymur, hamını söyürdü:
- İt balaları, vəhşi o erməni qızıdır, yoxsa siz...
Bir azdan onun huşu başından çıxdı, çayxanadakılar Elçini öldürdüklərini sanıb dabanlarına tüpürdülər. Savaş meydançasını boşaldaraq aradan sivişənlərin çoxu bahalı xarici maşınlarına minib ətrafın zülmətinə səpələndilər.
Mən də yaxşı anlayırdım ki, belə bir mürəkkəb zəmanədə o cür bahalı maşınları almaq hər bir kişinin işi deyildi: Elçin demişkən, ya gərək müəyyən qrupun üzvü olasan, ya da insanların qanını sovuran korrupsiyaner məmur...
İsterik vəziyyətdə - divanə kimi Elçinin qana bulaşmış sir-sifətini qucaqlamışdım: içimdə dəhşətli bir ağrı vardı – bilmirəm utanc duyğusuydu, vicdan əzabiydı, yoxsa doğma insanın əlindən çıxması ilə bağlı əzab-əziyyət hissiydi...
Yalnız bunları qışqıra bildim:
- Öldürdüz, vəhşilər, siz ermənilərdən də beşbətərsiniz...
Bakı, 19.06.2008
E-gündəlik, İ-real hekayələr | Şərhlər(10) | Baxış sayı: 363
bu cur "meqale"ni ilk defe deyil ki oxuyuram...heddinden ziyade realigi eks etdirir
İyun 20, 2008 16:43
Bu geder şitlik olmaz. Bir adetden eneneden yazırsız bir bazlıqdan birde getirib mövzunu hara cıxardırsız. A kişiler özünüzü bu geder agılı saymayın ay taxtabaşlar, ferglenmek ucun cox yol var amma siz ne geder seviyesiz yol var onu secmisiniz. elcininde seninde bu yazını ışıqlandırıb uze cıxardanında ne deyim eeeeeeyyyyyyyy..
İyun 21, 2008 3:33
Ay kishi, besdir mentiqsiz ve menasiz movzularda, ve movzularin qeder de menasiz metnler yazdin. inan ki, burada senin yazilarini hec kim oxumur, oxuyan da sadece deyib gulub ele salir. yeke kishisen, ayibdir. adamda bir az da utanmaq qabiliyyeti olmalidir!!!
Amerikadan Azerbaycani dusunen beyinler!
İyun 21, 2008 14:13
evvelce menasiz yazi kimi gorundu mene, "dozub" axira kimi oxudum ama. sonunda ise "cox dushundurucu metndi" deye qerarina geldim. Cox sag olun!
İyun 23, 2008 11:21
Dostlarimdan birinden eshitmishdim bu fikri: "edebiyyat chaxir kimidir. Esl deyeri iller sonra ortaya cixir".metni oxuduqdan sonra hemin fikri bir daha xatirladim ...
İyun 23, 2008 11:30
Keçen defe ans-e baxırdım. Birden "Mübarizə" verlişində sizi gördüm. Çox düşük-düşük danışırdınız. Çox seviyyesiz olduğunuzu bir daha sübut etdiniz.
İyun 24, 2008 14:52
Emin Rustamov, sizinle tamamile raziyam
İyun 24, 2008 15:38
Bura yazanlaradir sözüm. Mən də Aydın Xana nifrət edirəm, ən azından Azərbaycan Ateizminə böyük zərbə vurur.
Ancaq bir şeyə diqqət etdim, nə qədər təhqiredici şərhlər yazsaz da Aydın Xan bu şərhləri buraxıb bloguna. İndi kim daha səviyyəli oldu?
Azad Sözə imkan varsa, bundan təhqir üçün yox, tənqid üçün istifadə edilməlidir.
İyul 15, 2008 16:17

Aydin xan Abilov.
Sizin başqa işiniz yoxdur. İnanin bu camaati bezdirmisiniz. Xetrinize deymesin. Haminin sizden zehlesi gedir. Cox ikiuzlu adamsiz.
İyun 20, 2008 14:45