Reklam verin!

İslam Dünyası mütəfəkkiri Harun Yəhya - Adnan Oktarla söhbətim (videoyazılış)

Yazar: artyazar @ Noyabr 20, 2008 15:34

Türkiyə səfərim zamanı - gözəlim İstanbulda İslam Dünyasının nəhəng mütəfəkkiri, filosof-yazar, ilahiyyatçı Harun Yəhya - Adnan bəy Oktar ilə çox maraqlı söhbətim oldu.

Harun Yehya beyle Aydin Xan


Həmin polemik və bilgisal söhbətin videoçəkilişi bu yaxınlarda

http://adnanoktarroportajlari.com/#videolar

saytında yerləşdirilmişdir.

Buradan baxın:

 

Böyük məmnuniyyətlə həmin söhbətin videoyazılışını sizin de diqqətinizə çatdırıram.

Qeyd: bu videoyazılışa sürətli İnternet bağlantısına malik şəxslər rahatca baxa bilərlər.

P.S. Ustad yazarın bildirdiyinə görə bizim söhbət başqaların müsahibələrindən yaxşı mənada seçilirdi...

Eləcə də bu materiallara diqqət ayırmağınız intellektinizin inkişafına təkan verəcək:

İstanbul: duyğular cənnəti, Türk diyarı, ruhlar məkanı... (şeir, şəkillər)

Harun Yəhya: Türk Dünyasının böyük mütəfəkkiri, yoxsa?.. (saytı, yazıları, kitabları)

Harun Yəhya - Adnan Oktar. Massonluq. Kitablar, filmlər, məqalələr (türkcə)


Sayt: http://www.harunyahya.az

Belə insanlarla biz hara gedirik, görən?!.

Yazar: artyazar @ Noyabr 19, 2008 13:20

Azərbaycanlı milyonçu qızının "Ferrari"si

Azərbaycanlı milyonçu qızının Görəsən niyə belə olur: biri sevgilisinə - müğənni Ruhiyə 2 milyonluq avtomobil alır, digəri qızına... Amma biz intellektuallar sadə adamından tutmuş dövlət rəsmilərinə qədər yazıb yalvarırıq, o maşınların təkərinin dəyəri qədər bir maddi vəsaiti dilənə bilmirik ki, millətin gələcəyindən ötrü virtual kitabxanamızı bilgili ağ günə çıxaraq...         Aydın Xan (Əbilov)

P.S. Son vaxtlar hər şeyə tupurmək istəyirsən. Sonra da deyirlər ki, Rüstəm İbrahimbəyov "nepravdır"... 
 

Rusiyanın Sankt-Peterburq şəhərindəki milyonçular arasında "Ferrari" modelli avtomobil populyardır.


Çox bahalı və dəbdəbəli avtomobil markası sayılan bu maşının "Ferrari 33" modelinin sahibləri arasında isə Kamilə Məmişova da var. O, Sanat-Peterburq Birləşmiş Sənaye Müəssisələrinin və "Konrad" şirkətlər qrupunun rəhbəri, habelə şəhərdəki azərbaycanlıların milli-mədəni muxtariyyətinin liderlərindən biri Vaqif Məmişovun qızıdır.
"Qorod 812" jurnalı bildirir ki, Kamilə Məmişova dövlət nömrə nişanı "N-9-A98" olan al qırmızı rəngli "Ferrari 430 Scuderia" sürür. Bu maşının qiyməti $450 mindir.

Sankt-Peterburqdakı azərbaycanlı icmasının liderlərindən biri olan Vaqif Məmişova məxsus "Konrad" şirkətlər qrupuna "Petrovski stroitel" qpalı səhmdar cəmiyyəti, "Mexaniki zavod" açıq səhmdar cəmiyyəti, 1 saylı mexanikləşdirmə idarəsi, "Konrad" ticarət evi, "Avtoarmatura" açıq səhmdar cəmiyyəti, "Likostroy" lizinq şirkəti və Slantsı şəhərində ağac emalı zavodu daxildir. Bundan başqa, 2007-ci ilin yayında Sankt-Peterburq şəhəri və Leninqrad vilayətinin Həmkarlar Federasiyasından şəhərin Kamennostroy küçəsində yerləşən Lensovet adına Mədəniyyət Evini satın almış V.Məmişov binanın birinci mərtəbəsini "Semya" universamlar şəbəkəsini idarə edən "İntertorq" ticarət evinə icarəyə verib. Binanın birinci mərtəbəsindəki 1000 kvadrat metrdən artıq sahədə indi "İdeya" supermarketi fəaliyyət göstərir.

V.Məmşovun yaxın tərəfdarşları və tərəf-müqabilləri arasında Sankt-Peterburqun digər azərbaycanlı milyonçusu, "adamant" kommersiya-sənaye qrupunun baş direktoru Dilavər Məmmədov da var.

"Konrad" nəzdindəki Mexanizit Zavodu şəhərin Vitebskaya küçəsindən çıxararq Şuşeraya köçürmək, boşalacaq ərazidə isə yaşayış və ticarət kompleksini təşkil edəcək binlar ucaltmaq niyyətindədir.

"Ekspress"in əldə etdiyi məlumata görə, Vaqif Məmişov şəhərdə orta sinif çün nəzərdə tutulmuş mənzillər və o qədər də bahalı qiymətə icarəyə veriləcək ofislərdən ibarət yeni kompleks də inşa etmək niyyətindədir.

Sankt-Peterburq ən varlı sakinləri arasında yer alan V.Məmişovun Rusiyanın digər bölgələri ilə bağlı layihələri olsa da, onun "Konrad" şirkətlər qrupunun Azərbaycanda hər hansı iri tikinti, sənaye və ya ticarət layihəsi ilə bağlı məlumat əldə edə bilmədik.
"Konrad"ın mətbuat xidmətindən verilən açıqlamada belə planların olduğu vurğulasa da, təfərrüatlar barədə heç nə deyilmədi.

Kamilə Məmişovanın "Ferrari"sinə gəldikdə isə, bu maşın Peterburqdakı milyonçuların övladlarının "avto"ları arasında qiymət baxımından bəlkə də sonuncu yerlərdən birini tutur.

Belə ki, indi Rusiyanın "şimal paytaxtın"dakı zənginlərin varisləri "Aston Martin", "Jaguar", "İnfinity", "Rolls Royce" və "Bentley" markalı avtomobillərin ən bahalı modellərinə üstünlük verirlər.

Şəhərdəki ən bahalı üç maşından biri isə erməni iş adamı Aşot Yegizaryanın kiçik oğlu Manvelə məxsus olan "Bentley"dir. Erməni milyonçunun oğluna 17 yaşının tamam olduğu gün alınmış bu avtomobilin qiyməti 1,4 milyon avrodur.

Xatırladaq ki, 1939-cu ildə italyan avtoyürüşçü Enso Ferrari tərəfindən yaradılmış "Ferrari" konserni idman və yarış avtomobilləri istehsal edir.

"Ferrari 430 Scuderia" isə 2004-cü ilin modeli olaraq mühərrik, kuza və s.-si alüminiumdan hazırlanmış çox müasir, sürətli və dəbdəbəli avtomobildir.

E-mənbə: "Ekspress" qəzeti

Bu gün ANS TV-nin "Dissident" verilişində - birbaşa yayımdayam...

Yazar: artyazar @ Noyabr 18, 2008 12:55

Bu gün - noyabrın 18-i, saat 19 00-da ANS TV-nin "Dissident" verilişində - canlı efirdəyəm. Baxsanız da, baxmasanız da dünya dağılmaz...

Payizin simasi


Boynuma minnət-zad qoymayın, bəli, mənimki artıq tele-ulduzluqdan keçib, bu - tele-xəstəlikdir: deyən lazım, sənə qonorar vermirlər, manıslar kimi toya-restorana oxumağa getmirsən ki, reklam olunubən maddi maraq güdəsən, nə bilim, gilə-gilə göz yaşı axıdaraq ağlayıb-yalvarıb Prezidentdən ev istəyə də bilmirsən, bəs hansı azara tutulmusan e!Həftə yeddi, sən səkkiz teleekranlardan çıxmırsan...

Doğrusu, heç özüm də bilmirəm, haçan aydınlaşdırsam, sizləri də xəbərdar edərəm... 

Bəlkə də bu verilişdə bəzi məqamlara toxunub sizləri də anlatdımÇ özümü də...

Yeri gəlmişkən, yuxarıdakı şəkil özümündür - Aydın Xan!

ATV-nin "El içində" tok-şousunda milli manıslarımız növbəti saçyonduya çıxacaqlar...

Yazar: artyazar @ Noyabr 13, 2008 19:22

Tələsməyin, qarşıdakı bazar ertəsi, yanılmıramsa, noyabrın 17-də saat 22-dən sonra, "Azad Azərbaycan" TV-nin "El içində" tok-şousuna baxsanız, kiminin saçının, kiminin səsinin, kimisinin də istedadının yonulduğunu yüz faiz Aydin Xan ve Elchin Elibeyli


biləcəksiniz...

 Boynuma alım ki, bu verilişin çəkiliş meydançası mənim 10 illik tele-yürüşlərimin ən maraqsızı, sakiti və fonda eksponat kimi oturduğum efir məkanı idi.

Eləcə də və yəqin ki, ekspertlərdən şairlər Adil Cəmil, Baba Vəziroğlu, bəstəçilərdən Ruhəngiz xanım, Nadir Əzimov və muğənni Kəmalə Rəhimlinin də bütün veriliş boyu, az qala, balıq kimi susması bir daha bizim çağdaş mədəniyyətimizdə, onun qoşa qolu olan ədəbiyyat və incəsənətimizdəki aşınmanın daha da qabardığını göstərirdi - əyani sübut edirdi...

Çox sağ olsunlar ki, manıs və manısçalarımız mikrafon atıb bizim başımızı sındırmadılar: düzdür, bəzi həmlələr olsa da, çanaq biz söz adamların başında deyil, istedadlarının tündlüyündən, elə öz təpələrindəcə çartladı...

Hərnədirsə, baxmağa dəyər: nəyiqsə, biz buyuq!!!

İflasın ətəyində: qlobal iqtisadi böhran, yoxsa milli inhisarçılığın təsirindən...

Yazar: artyazar @ Noyabr 13, 2008 12:16

Mübariz Mənsimovun bankı açılmamış bağlandı

Mübariz Mənsimovun bankı açılmamış bağlandı

"PalBank"ın bağlanma səbəbləri açıqlanmır...

Noyabrın 3-də səhmdarlarının ümumi yığıncağının qərarı ilə "PalBank" ASC özünü ləğv edilmiş elan edib. Kreditorların və maraqlanan şəxslərin iddiaları 5 yanvar 2009-cu il tarixinə kimi Bakı şəhəri, T.Əliyev küçəsi 27 ünvanında qəbul olunur.
Qeyd edək ki, bank 11 mln manatlıq nizamnamə fondu ilə cari ilin yanvar ayının 25-də Vergilər Nazirliyində qeydiyyata alınıb. Bankın təsisçisi iki


fiziki şəxs və "Palmali gemi Hizmetleri ve Agentelik ltd." Şirkəti olub.
"Palmali Holding Co. Ltd"-nin Bakı ofisindən" Turana "PalBank" ASC-nin bağlanmasının səbəblərini açıqlamaqdan imtina ediblər. Qeyd edək ki, "PalBank" dəfələrlə yaxın vaxtlarda işə başlayacağını anons etsə də, bank fəaliyyəti ilə məşğul olmaq üçün Milli Bankdan lisenziya almamışdı.
Müşahidəçilər "PalBank"ın bağlanması ilə bağlı qərarın hakimiyyətin daxili bazara yeni oyunçu buraxmaq istəməməsi ilə izah edirlər. 

"TURAN" İnformasiya Agentliyinin yaydığı xəbərə əsasən

Eləcə də bura baxın:

 E-romanın "Palmali"namə" bölümünə iki, yox-yox, üç info ərməğanı... 

Xorxe Luis Borxes. "Qum kitabı" (magik hekayə)

Yazar: artyazar @ Noyabr 11, 2008 20:21

“Sənin qum kanatın...”
Corc Herbert

Ruscadan çevirəni: Aydın Xan (Əbilov)


 Xətt saysız-hesabsız nöqtələrdən ibarətdir: külli-miqdarda xəttlərdən müstəvi, sonsuz müstəvilərdən fəza yaranıb, kainat isə nəhayətsiz fəzalar toplusudur... 
Xeyr, hekayəmi başlamaq üçün bu, şübhəsiz ki, heç də ən yaxşı – geometrik – vasitə deyil. Hər hansı bir uydurulmuş hadisə belə duruşların ədalətliliyini sübut edə bilər. Mənim indicə danışdıqlarım isə heç də uydurma deyil...
 Buenos-Ayresin Belqrano küçəsindəki binaların birinin dördüncü mərtəbəsində mənzil kirayələyib tək yaşayıram. Bir neçə ay bundan öncə axşamdan azca keçmiş qapının döyüldüyünü eşitdim. Qapını açdım və astanada tanımadığım bir adam gördüm. Bu, ucaboylu üzünün çizgiləri ilə başqalarından seçilməyən bir adam idi – amma, ola bilsin ki, mən yaxını pis görürdüm deyə, onun simasındakı cizgiləri qarışdırdım. Əlində boz çamadan, əynində boz rəngli paltar geyinmiş bu adam çox təvazökar görsənirdi. Beləcə, mən o dəqiqə başa düşdüm ki, qarşımdakı əcnəbidir. Əvvəlcə naməlum şəxs mənim gözümə qoca görsəndi: lakin bir qədər sonra onun az-az rast gəlinən, lap skandinaviyalılar kimi parıldayan işıqlı simasına və saçlarına aldandığımı başa düşdüm. Bir saatdan da az çəkən söhbətimiz əsnasında özüm üçün aydınlaşdırdım ki, onun əsli Orkney adlarındandır.
   Mən naməlum adamı içəri çağırıb oturmağa stol təklif etdim. Danışmazdan əvvəl o, nəyə görəsə bir qədər susdu. Nədənsə çox kədərli görünürdü: indi mən də elə o vəziyyətdəyəm.
-  Mən “Bibliya” satıram, - qəfildən o dilləndi.
- Bu evdə, Con Viklif tərəfindən ilk dəfə nəşr edilən də daxil olmaqla, bir neçə ingilisdilli “Bibliya” var, – hədindən artıq vasvasılıqla qeyd etdim, - mən hələ Kiprianno de Valerin bədii nöqteyi-nəzərdən ən pisi sayılan Lüteran və Vulqatın Latınca “Bibliya”larını demirəm. Göründüyü kimi, mənim siz düşündüyünüz qədər də, “Bibliya”ya ehtiyacım yoxdur.
Bir qədər susandan sonra dedi:
- Mən, sadəcə, “Bibliya” satmıram. Sizə Bikaner ətrafında əlimə düşən müqəddəs bir kitabı da göstərə bilərəm. Çox güman ki, həmin kitab sizin marağınıza səbəb olar
O, çamadanından kitabı çıxardı və masanın üstünə qoydu. Bu, kətan üzqabıqlı inoktavonun hansısa bir cildi idi. Şübhə etməyə dəyməzdi ki, bu kitabın çoxsaylı sahibi olmuş və o, əldən-ələ keçmişdi.
Kitabın üz qabığında bu sözlər həkk edilmişdi:
 “Müqəddəs yazılar” və bir qədər aşağıda isə qeyd olunmuşdu: “Bombey”
- Yəqin XIX əsrə aiddir, - soruşdum.
- Bilmirəm, - o, cavab verdi, - düzü, heç özüm də müəyyənləşdirməmişəm.
Mən sadəcə elə-belə kitabı açdım. Səhifələrdəki hərflər gözümə çox qəribə görsəndi. Lap “Bibliya”dakı kimi, köhnəlmiş səhifələrdə səliqəsiz yığılmış şiriftlər iki cərgə aşağı gedirdi: kiçik hərflər qısa sətirlərə düzülmüşdü. Mən müşahidə edib gördüm ki, sol səhifənin nömrəsi, deyək ki, 40514 qeyd edilmişdirsə, əks tərəfdə yəni sağ səhifənin nömrəsi 999 göstərilmişdi. Tez səhifəni çevirdim – burada artıq səkkiz rəqəmli nömrə gözə dəyirdi.
Burada, həmçinin lüğətlərdəki rəsmləri xatırladan, sanki hansısa məktəblinin yöndəmsiz əl işinə oxşar – pero və mürəkkəblə çəkilmiş kobud bir lövbər şəkli də var idi.
Bu zaman naməlum adam dedi:
- Şəkilə diqqətlə baxın. Siz onu bir də heç vaxt görməyəcəksiniz.
Səhifənin nömrəsini yadımda saxlayaraq kitabı bağladım və dərhal onu təzədən açdım. Lövbər şəklini tapmaq məqsədi ilə mənasız yerə səhifəni səhifənin arxasınca çevirdim.
 - Görünür bu Müqəddəs Yazıların hindcənin ləhcələrinin birinə edilmiş tərcüməsidir, elə deyilmi?” – özümü itirdiyimi gizlətməyə çalışaraq soruşdum.
- Xeyr, -  kişi cavab verdi. - Sonra sanki hansısa dəhşətli bir sirri mənə açmaq istəyirmiş kimi, səsini alçaldaraq: - Uzaq şəhərcikdə bir ətək rupi və təzə “Bibliya”ya dəyişərək bu kitabı əldə etmişəm. Kitabın yiyəsi oxumağı bacarmırdı.  Güman edirəm ki, həmin adam bu Kitablar Kitabını cadu hesab edirdi. O, aşağı kastadan çıxmışdı və məhz buna görə də toxunulmazlar özlərini ləkələməkdən qorxmadan onun kölgəsini tapdalaya bilərdilər. Mənə dedi ki, onun kitabı Qum Kitabı adlanır, çünki kitabın da, qumun da, nə başlanğıcı, nə də ki, sonu var...
Naməlum qonaq məndən xaiş etdi ki, kitabın ilk səhifəsini tapım.
Sol əlimi cildin üz-qabığına qoydum və baş barmağımla titul səhifəsini sıxaraq kitabı açdım. Sonra bir də çalışdım. Ancaq bütün cəhdlərim boşa çıxırdı. Hər dəfə üz-qabıqla barmağım arasında bir neçə vərəq peyda olurdu: sanki onlar kitabdan yenicə yaranırdılar.
- İndi isə sonuncu səhifəni tapın.
Mən yenə də uğursuzluğa düçar oldum.
“Bu, ola bilməz”, - özüm də səsimi tanımadan mızıldandım.
- Bu, ola bilməz, lakin o, mövcüddür, - yad adam sakitcə dilləndi: - bu kitabın səhifələrinin sayı sonsuzdur – nə az, nə də ki, çox. Burada nə ilk səhifə var, nə də ki, son. Mən onu da bilmirəm ki, səhifələr nə üçün təsadüfü qaydada nömrələnmişdir. Bəlkə  də ona görə ki, külli-miqdarda nəhayətsizliyə istənilən  rəqəm daxil ola bilər...
Sonra sanki dərindən fikrə dalaraq o, qeyd etdi:
Əgər məkan nəhayətsizdirsə, deməli, biz onun istənilən nöqtəsində ola bilərik.
Onun fikirləri məni yavaş-yavaş hövsələdən çıxardırdı.
- Siz çox güman ki, dindar adamsınız, – deyə xəbər aldım.
- Bəli mən presviterianam (İngiltərədə və Amerikada yayılmış protestant məzhəblərindən birinin tərəfdarı – A. X.), vicdanım isə tərtəmizdir. Tamamilə əminəm ki, iblis kitabının əvəzinə Tanrı kəlamını verməklə həmin yerli adamı heç də aldatmamışam.
Ona ürək-dirək verdim ki, vicdan əzabına qatlaşmağa dəyməz: eyni zamanda bizim tərəflərə yolüstü gəlib çıxması ilə maraqlandım. Məhz bu zaman mən bildim ki, o, əslən Orkney adalarından olan şotlandiyalıymış. Mən vurğuladım ki, Sitvesonla Yumu sevirəm və Şotlandiya ilə möhkəm bağlılıq hiss edirəm.
- Siz yəqin ki, Sitivenson deyəndə Robbi Bernisi nəzərdə tutursunuz, - o, düzəliş verdi.
Söhbət edə-edə mən nəhayətsiz kitabı öyrənməyə davam edirdim. Marağımı gizlətməyə çalışaraq nəhayət ki, ondan soruşdum:
- Siz bu nəhayətsiz kitabı Britaniya muzeyinə təklif etmək istəyirsiniz?
 - Xeyr. Mən onu sizə təklif edirəm, - deyə kişi cavab verdi və çox iri bir məbləğin adını çəkdi.
Səmim-qəlbdən boynuma aldım ki, o qədər pulum yoxdur və fikrə daldım. Bir neçə dəqiqədən sonra beynimdə plan yarandı.
- Mübadilə təklif edirəm, - dedim, siz bu kitabı bir ətək rupi və “Bibliya” ilə dəyişmisiniz. Mən də sizə yenicə aldığım təqaüdü və Viklif tərəfindən ingilis qotiki ilə çap edilmiş dəyərli “Bibliya”nı təklif edirəm. Yeri gəlmişkən, o kitab mənə ata-babadan miras qalıb.
- Viklif, özü də qotik hərfləriylə, - o, mızıldandı.
Yataq otağımdan pulu və kitabı gətirdim. O, əsl bibliofil marağı ilə kitabı vərəqləməyə və titul səhifəsini gözdən keçirməyə girişdi.
- Mən razı, - dedi.
Onunla belə asanlıqla razılaşması məni heyrətləndirdi. Lakin çox-çox sonralar anladım ki, o, əvvəlcədən kitabı satacağını güman edərək, mənim evimə ayaq basıb.
O, pulları heç saymadan tez gizlətdi.
Daha sonra biz onunla Hindistan, Orkney adalarından və haçansa oraları idarə edən norveç müstəmləkəçilərindən danışdıq.
O, gecədən xeyli keçmiş getdi. Mən onu bir daha görməmişəm və adını da bilmirəm.
Qum kitabını kitab rəfinə, Viklifin boşalmış yerinə qoymaq istədim, son anda qərara gəldim ki, onu “Min bir gecə”nin köhnə cildlərinin arasında gizlədim. Yatağa uzandım, lakin gözümə yoxu getmədi. Gecənin bir yarısı, saat üç, ya da dörd olardı, işığı yandırdım və o qeyri-adi kitabı götürüb çevirməyə başladım. Onların birində maska şəklinin həkk edildiyini gördüm. Səhifənin yuxarı hissəsində isə doqquz rəqəmli nömrə qeyd edilmişdi ki, indi onu mən heç cür xatırlaya bilmirəm.
Mən öz xəzinəmi heç kimə göstərmədim. Ona sahiblik xoşbəxtliyinə onun oğurlanacağı vahiməsi və bir də bu kitabın əsl həqiqətdə nəhayətsiz olmaması qorxusu qatılmışdı. Onsuz da dostlarım azalmışdı, indi isə mən olan-qalanlarla da görüşməkdən çəkinirdim.
Kitabın əsiri olmuşdum, bir yana çıxmağı belə yadırğamışdım. Böyüdücü şüşədən kitabın yırtılmış kötüyünü və üz qabığını nəzərdən keçirəndən sonra hər hansı bir saxtalaşdırmanın olmadığını yəqin etdim. Təyin etdiyim kimi, hər iki kitabçama qeyd etməyə başladım. Şəkillər bir də heç vaxt təkrarlanmırdı. Gecələr yuxusuzluğun mənə bəxş etdiyi bir röya anında da kitab yuxuma girirdi.
Yay öz gəlişini hiss etdirəndə mən anladım ki, bu olduqca dəhşətli kitabdır. Və ona nəzər sala-sala, kitabı əlimdə tuta-tuta, mən onu özümdən daha az dəhşətli saya bilərdimmi? Hiss etdim ki, bu kitab elə bir dəhşətli əşya, yaramaz və mənfur bir şeydir ki, gerçəkliyin özünü belə təhqir edir.
Mən od haqqında – kitabı tonqalda yandırmaq barəsində - düşündüm, lakin qoxdum ki, atəş nəhayətsizyə çevrilər və bütün planeti öz tüstüsündə boğa bilər.
Yadımdadır, harada isə oxumuşdum ki, ağacın yarpağını meşədə gizlətmək daha düzgündür. Təqüdə çıxana qədər Mexiko küçəsində yerləşən və içində doqquz yüz min cild kitab qorunan Argentina Milli Kitabxanasında işləmişdim. Bilirdim ki, girişin sağ tərəfindəki dairəvi pilləkən içində kitablar, xəritələr və dövri nəşrlər saxlanılan zirzəmiyə gedib çıxır.
Bir dəfə mən ora yollandım, hündürlüyü və çıxışa qədərki məsafəni unutmağa çalışaraq, köhnə iş yoldaşımın yanından keçdim, tozlu rəflərin birində Qum Kitabını başımdan etdim...

Əlavə olaraq tanış olun:

Aydın Xan (Əbilov). "X.L.Borxes: XX əsr ədəbiyyatının sirli mayakı". (Esse)

Xorxe Luis Borxes. "Disk"

TOM REYSS: "ƏLİ VƏ NİNO" ROMANI AZƏRBAYCAN GERÇƏKLİYİNİ ƏKS ETDİRİR"

Yazar: artyazar @ Noyabr 7, 2008 20:14

Söhbətləşdi: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

 Amerikalı publisist və ədəbiyyatçı Tom Reyss müxtəlif vaxtlarda Azərbaycanın paytaxtına - Bakı şəhərini baş çəkmiş, ölkəmiz haqqında maraqlı yazılarını jurnalist kimi yaradıcılıq əlaqələri saxladığı "Nyu-Tayms" qəzetinin, eləcə də "Nyu-Yurker" dərgisinin səhifələrində çap etdirmişdir.
Səfərlərinin birində dostunun ona təqdim etdiyi "Əli və Nino" romanının ingiliscəyə tərcüməsi ilə tanış olmuş və Azərbaycan milli ədəbiyyatına - mədəniyyətimizə olan marağı birə-on artmışdır. Bu marqlı əsər, həmçinin onun yazanı ilə bağlı qızğın mübahisələrə baxmayaraq, Tom Reyss bu dəyərli romanının müəllifi haqqında, dolayısı Azərbaycan ədəbiyyatı barədə araşdırmalar aparmaq, kitab yazmaq həvəsinə düşüb və bu niyyətini gerçəkləşdirmək üçün yenidən Bakıya səfər edir. Məhz o səfər vaxtı Tom Reysslə görüşüb söhbətləşdik.


- Cənab Reyss, Azərbaycana xoş gəlmisiz.

- Çox sağ olun.

- Mümkünsə, özünüz barədə məlumat verəydiz.

- Problem görmürəm: mən bütün dünyada yaxşı tanınan Harvard Universitetində ali təhsil almış, tarix və ədəbiyyat ixtisaslarına yiyələnmişəm. Ədəbiyyat sahəsində diplom alandan sonra üç il doğma universitetimdə tələbələrə dərs demişəm. Avropanın mədəni, ədəbi və tarixi irsi ilə bağlı elmi tədqiqatlar aparmışam. Daha sonra Amerikada aparıcı mətbuat orqanı sayılan "Nyu-York" qəzeti redaksiyası ilə əməkdaşlıq etmişəm. Nyu-York şəhərinin aparıcı ədəbi-mədəni jurnallarından sayılan "Nyu-Yurker"in səhifələrində də tez-tez yazılarla çıxış edirəm.

- Ölkəmizə növbəti səfərinizin əsas məqsədini bilmək olarmı?  

- Azərbaycana növbəti dəfə gəlişimin əsas məqsədi vaxtilə "Nyu-Yurker" jurnalında çap edilmiş məqalənin davamı kimi yazmaq istədiyim yeni kitabım üçün ətraflı materiallar toplamaqdır. Jurnaldakı məqalənin əsas mövzusu "Əli və Nino" romanının maraqlı, mübahisəli və qeyri-adi taleyi ilə bağlıdır. Əsərin bəzi sirlərini oxuculara, xüsusən də Qərb ədəbiyyatsevərlərinə açmaq istəyirəm. Sirlərdən bəhs edəndə isə əsasən bu romanın müəllifi ilə bağlı qızğın mübahisələri nəzərdə tuturam. Mənim yazacağım bu kitab bir çox ölkələrdə - Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Avstriyada, İtaliyada və nəhayət, Almaniyada işıq üzü görəcək. Hazirda bu ölkələrdə kitabın çapı üçün razılaşmalar var. Ola bilsin ki, gələcəkdə başqa ölkələrdə də bu kitab işıq üzü görsün.

- Maraqlıdır, görəsən, araşdırmalarınız jurnalist maragından irəli gəlir, yoxsa ədəbiyyata olan sevginiz sizi bu işə həvəsləndirib.

- Bu romanı birinci dəfə ingilis dilində oxumuşam. Böyük çətinliklə romanın alman dilində tərcüməsini Avstriyanın paytaxtı Vyana şəhərində - köhnə bir kitab dükanında əldə etdim və orijinalını da oxudum. Bildiyimə görə, əsər ilk dəfə alman dilində nəşr olunub. Bakıya ilk gəlişim zamanı bu kitabı mənə təqdim etmiş tanışım bildirdi ki, "Əli və Nino" romanını oxumaqla Azərbaycanı tanımaq, anlamaq olar. Dogrudan da bu əsər Azərbaycanla tanış olmaq üçün ən gözəl kitablardan biridir. Sözun düzü, bu əsərə qədər mənim Azərbaycan ədəbiyyatı ilə yaxından tanışlığım yox idi.
Onu da qeyd edim ki, Qərbdə Azərbaycanın zəngin ədəbiyyatı haqqında o qədər də məlumat yoxdur. Və sözsüz ki, dünyanın aparıcı dillərinə çevrilmiş "Əli və Nino" romanı ilə tanışlıqdan sonra Qərb oxucusu Azərbaycan ədəbiyyatı ilə bağlı müəyyən təsəvvürlərə malik ola bilər. Çox adamalarn Azərbaycan haqqında ilk təsəvvürləri bəlkə də bu dəyərli əsərdən başlayır. Bu baxımdan həmin romanın ədəbiyyat tarixində misilsiz rollu və əhəmiyyəti var.
Hər hansı bir ölkəni digər aləmlə birləşdirən, bir növ mədəni körpü rolunu oynayan kitaba az-az rast gəlmək mümkündür. Elə kitab ki, bir ölkəni, bir diyarı dünyaya tanıtdırsın: "Əli və Nino" romanı elə əsərlərdəndir. Roman o qədər güclüdür, onun mahiyyəti o qədər zəngindir ki, əsəri əlinə alan bir daha onu təkrar oxumağa həvəs göstərir. “Əli və Nino” romanı Azərbaycandan olub-olmamasından, bu respublikanı tanıyıb-tanımamasından asılı olmayaraq, ölkə haqqında, burada yaşayan insanlar barədə dolğun məlumatlar verməyə qadir bir əsərdir. Şəxsən mən əsəri ilk dəfə oxuyanlara həmişə deyirəm ki, bu roman sizi biganə qoya bilməz. Azərbaycan haqqında məlumatınız olmasa belə, həmin əsərlə tanışlıqdan sonra sizdə bu gözəl ölkəyə çox böyük maraq oyanacaq.
Sualınızın ikinci hissəsi haqqında onu bildirim ki, mən vaxtilə akademik sahədə çalışsam da, həmişə kütləvi oxuculara ünvanlanan araşdırmalarla məşğul olmağa səy göstərmişəm. O mənada bu araşdırmanın arxasında həm jurnalist marağı, həm də ədəbiyyatçı həvəsi durur.

- Mən bu sualı əbəs yerə vermədim: bizim ədəbi aləmdə hazırda bu romanın müəllifi haqqında bir neçə fikir mövcuddur. Bir qisim yaradıcı şəxs və filoloji elmlərlə məşğul olan alimlər əsərin müəllifliyini əsrimizin əvvəllərində yaşayıb-yaratmış, böyük yazıçı, eyni zamanda ictimai xadim kimi tanınmış Yusif Vəzir Çəmənzəminliyə aid edirlər. Digərləri "Əli ve Nino" romanını Qurban Səidin, ya da Məhəmməd Əsəd bəyin, bir başqaları isə Leo Nissenbaumun qələm məhsulu sayırlar. Maraqlıdır, sizcə, belə bir mübahisələrə səbəb olmuş romanı Azərbaycan gerkəçliyini əks edən milli ədəbiyyat nümunəsi kimi qəbul etmək nə qədər düzgün olur?
Onu da vurğulamaq yerinə düşər ki, 1990-cı ildən bəri bu mübahisələr get-gedə daha da qızışır. Bu yaxınlarda isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Azərbaycan Ədəbiyyatı İnstitutu ilə Respublika Yazıçılar Birliyinin birgə keçirdikləri mötəbər toplantıda əsərin Yusif Vəzir Çəmənzəminliyə aidiyyəti haqqında ümumi rəyə gəlinib. Qonağımız bu fikirlərin hansısı ilə razıdır?

- Heç biriylə... Bu fikirlərin heç birinə qəti üstünlük verə bilmərəm. Hazırda əsas məqsədim dünya miqyasında bu əsər haqqında və onun müəllifi barədə ən geniş, müxtəlif məlumatları toplamaqdır. Ola bilsin ki, yazacağım kitabın çapına qədər müəyyən bir fikrə gələcəyəm. Amma əsas məqsədim bu məsələ barədə daha çox fikir toplamaq, mülahizə dinləməkdir. Ancaq onu da qeyd edim ki, Azərbaycandan kənarda – başqa ölkələrdə bu əsər Leo Nissenbaumun qələm məhsulu hesab edənlərin tərəfdarları daha çoxdur. Yəhudi mənşəli olmasına baxmayaraq, Leo Nissenbaum müəllifliyini qəbul edənlərin əksəriyyəti onu bir azərbaycanlı kimi qəbul edir, ruhən, mənəviyyat və mədəniyyətinə görə, vətənini sevən, onu dərindən öyrənən bir yaradıcı şəxs kimi tanıyırlap.

- Azəpbaycanda bu problemi araşdıran hansı mütəxəssislərlə söhbətləşmisiz və bundan sonra görəcəyiniz işlər barədə danışmagınızı xahiş edirik...

- Bu işlə əlaqədar Azərbaycan Yazıçılar Birliyinə müraciət etmişəm. Birliyin sədri Anarbəylə görüşmüş, onun məsləhətlərini dinləyəndən sonra AYB-nin katibi Arif Əmrahoğlu ilə də söhbətləşmişəm. Arif bəyin köməkliyilə bu məsələylə məşğul olmuş, bir neçə mütəxəssislərlə, o cümlədən cənab Tofiq Hüseynoğlu, professor Pənah Xəlilov, Yusif Vəzir Çəmənzəminlinin kiçik oğlu Fikrət Vəzirovla görüşüb söhbət etmişəm. Bütün bu şəxslərin o məsələdə fikirləri oxşardır: "Əli və Nino" romanının müuəllifi Yusif Vəzir Çəmənzəminlidir. Lakin fərqli mövqedə duran mütəxəssislər də var ki, onların sırasında cənab Çərkəz Qurbanlı ilə professor Zeydula Ağayev də var. Sözsüz ki, mən onlarla da görüşmək niyyətindəyəm. Ümumiyyətlə, Azərbaycanda bu problemə biganə olmayanların hamısı ilə görüşüb söhbətləşmək istərdim. Onların fikirləri mənim üçün çox maraqlı olardı.
Romanın müəllifi ilə bağlı məsələdən başqa, mən eyni zamanda Leo Nissenbaum haqqında geniş məlumatlar toplamağa, onu Bakıya bağlayan tellərə fikir verməyə çalışıram. Onun Azərbaycanda doğulub boya-başa çatması, Bakı ilə bağlılığı və yaşadığı dövr haqqında məlumatlara da diqqət yetirəcəyəm.
Yeri gəlmişkən, Leo Nissenbaumun özü barədə da çox ziddiyyətli fikirlər var. O mülahizələrin həqiqətə nə qədər uyğun olmasını dəqiqləşdirmək mənim özüm üçün də çox maraqlıdır. 
Mənim gəlişimin əsas məramı "Əli və Nino" romanı ilə bağlı yazacağım kitab üçün materiallar toplamaq olsa da, başqa bir niyyətim də var: Azərbaycanın tarixi, eləcə də hazırkı vəziyyəti, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanmaq, cəmiyyətinizin müxtəlif tərəfləri ilə dərindən tanış olmaqdır. Fikrimicə, öz məqsədlərimə çatacağam...

- Cənab Reyss, maraqlı söhbətə görə çox sağ olun. ABŞ-a qayıtdıqdan sonra amerikalı dostlarımıza səmimi salamlarımızı çatdırmağınızı xahiş edirik.

“Ədəbiyyat qəzeti”, 2001


E-mənbə: http://ahiska.iatp.az/ahiska/m004.htm

ХƏZƏR UNİVЕRSİTƏSİ. AZƏRBAYCAN ƏDƏBİYYATI - 2: aralıq imtahanın yazılı sualları

Yazar: artyazar @ Noyabr 6, 2008 22:11

ХƏZƏR UNİVЕRSİTƏSİ
AZƏRBAYCAN ƏDƏBİYYATI - 2

Fənn üzrə aralıq imtahanın yazılı suallarının variantları

(Qeyd: Müəllim və dekanlıq tərəfindən redaktə və dəyişikliklər mümkündür...)

Yararlanın: ХƏZƏR UNİVЕRSİTƏSİ. AZƏRBAYCAN ƏDƏBİYYATI – 2: Proqramı, ədəbiyyat siyahısı

Maksimum 40 bal. Hər açıq - yazılı sualın tam düzgün cavabı üçün 5 bal, hər test - şifahi sualın düzgün cavabı üçünsə 1 bal verilir. Beş variantın hər birində beş yazılı, 15 isə test sualları olacaq.


1. Azərbaycan yeni milli bədii nəsrinin tarixi, onun təşəkkülü və inkişaf yollarını göstərin.

2. Avropatipli peşəkar bədii nəsrimizin yaranmasını, tarixi yolunu və yayıldığı məkanları göstərin: Azərbaycan ədəbiyyatında əsasən hansı dillərdə prozaik əsərlər yazılıb?

3. Mirzə Fətəli Axundovun nəsr və dramaturgiyasının əsas cəhətlərini sadalayın, bu böyük sənətkarın Azərbaycan ədəbiyyatı tarixindəki yeri barədə mülahizələrinizi sıralayın.

4. Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” povestinin bədii nəsr və ictimai-mədəni düşüncəmizin inkişafındakı rolunu göstərin.

5. Cəlil Məmmədquluzadənin nasir, publisist, naşir və dramaturq kimi XX əsr ədəbiyyatındakı xidmətlərini sadalayın.

6. “Danabaş kəndinin əhvalatları” povestini ötən əsr Azərbaycan etnoqrafiq-tarixi mənzərələrinin və inkişaf səviyyəsinin ədəbi güzgüsü kimi götürmək olarmı?

7. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi milli düşüncəmizdə böhran faktını göstərən, eləcə də dəyərlərimizin aşınmasını sənət dili ilə əbədiləşdirən dəyərli əsər kimi xarakterizə edin. 

8. Yusif Vəzir Çəmənzəminlinin həyatı, yaradıcılığı və dövrü ilə bağlı əsas faktları sadalayın: bir sənətkar kimi bu hadisələrin onun yaradıcılığındaki izlərini göstərin.

9. “İki od arasında” (“Qan içində”) romanı ilə Yusif Vəzir Çəmənzəminli Azərbaycanın hansı böyük milli problemlərini qabardırdı?

10. Qarabağ xanlığının vəziri vəzifəsini yerinə yetirmiş M.P.Vaqifin həyatı, mübarizəsi və yaradıcılığına həsr edilmiş roman kimindir: müəllif şair obrazı vasitəsilə hansı qlobal məsələlərə toxunur?

11. XX əsrin ilk yarısında Azərbaycan romanının inkişaf yolu haqqında yazın və əsas irihəcimli bədii nəsr əsərlərini sadalayın.

12. “Dəli Kür” romanının xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığındakı yeri barədə ətraflı mülahizələrinizi qələmə alın.

13. XX əsr Azərbaycan nəsrinin inkişaf yolları barədə geniş məlumat verin: “əllincilər”, “altımışıncılar” və b. ədəbi nəslin nümayəndələri deyildikdə, hansı yazıçıların imzası yadınıza düşür?

14. İsmayıl Şıxlının “Dəli Kür” romanı etnoqrafiq-tarixi bədii nəsr nümunəsi kimi XIX əsrin hansı ailə-məişət, eləcə də ictimai-mədəni problemlərini işıqlandırır?

15. Xalq yazıçısı İlyas Əfəndiyev yaradıcılığının lirik-psixoloji bədii nəsr qolunun əsas cəhətlərini sadalayın: onun əsas romanları və pyesləri hansılardır?

16. İlyas Əfəndiyev dramaturgiyasına işıq salın: ədibin “Unuda bilmirəm” lirik pyesində hansı ictimai problemlər ədəbi-mədəni müzakirə səviyyəsinə qaldırılır?

17. XX əsrin ilk yarısında Azərbaycan hekayəsinin inkişaf mərhələsinı göstərin: nasirlərimiz əsasən hansı ədəbi-estetik cəryanına aid edilən hekayələrini qələmə alırdılar?

18. İlyas Əfəndiyevin “Gözlənilməyən sevgi” hekayəsində cəmiyyətimizdəki müxtəlif nəsil insanları maraqlandıra biləcək hansı psixoloji məqamlar qabardılır?

19. Muğanna - İsa Hüseynovun yaradıcılığında fəlsəfi-tarixi nəsrin izlərini göstərin: bu baxımdan yazıçının “Məhşər” romanı sizə necə təsir göstərib?

20. Muğanna - İsa Hüseynovun Məhşər” romanında böyük Azərbaycan şairi Nəsimi və hürufi təriqəti timsalında XX əsrin hansı qlobal problemlərini ictimai-polemik düşüncəyə gətirir?

21. Xalq yazıçısı Sabir Əhmədlinin yaradıcılığında publisitik ruhlu bədii nəsrin izlərini göstərin və onun “Yamacda nişanə” povestində hansı sosial problemlər əks olunduğu barədə fikirlərinizi bölüşün.

22. Azərbaycan ədəbiyyatında epik növ və onun əsas janrları haqqında geniş məlumat verin, ilkin bədii nəsr nümunəsinin yaranma tarixini xarakterizə edin. 

23. Xalq yazıçısı Anar yaradıcılığında irihəcmli bədii nəsr əsərlərinin yeri: “şəhər” nəsri anlayışını necə izah edərdiz?

24. Yazıçı-dramaturq Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı nəyə görə yarandığı vaxtdan bu yana böyük mübahisələri-müzakirələrə səbəb olub?

25. Avropatipli Azərbaycan bədii nəsr tarixinə dair qısa esse yazaraq onun əsas inkişaf mərhələlərini müəyyənləşdirməyə çalışın.

ХƏZƏR UNİVЕRSİTƏSİ. AZƏRBAYCAN ƏDƏBİYYATI - 1: aralıq imtahanın yazılı sualları

Yazar: artyazar @ Noyabr 6, 2008 20:21

ХƏZƏR UNİVЕRSİTƏSİ

AZƏRBAYCAN ƏDƏBİYYATI - 1

Fənn üzrə aralıq imtahanın yazılı suallarının variantları

(Qeyd: Müəllim və dekanlıq tərəfindən redaktə və dəyişikliklər mümkündür...)

Yararlanın: ХƏZƏR UNİVЕRSİTƏSİ. AZƏRBAYCAN ƏDƏBİYYATI - 1: Proqramı, ədəbiyyat siyahısı

Maksimum 40 bal. Hər açıq - yazılı sualın tam düzgün cavabı üçün 5 bal, hər test - şifahi sualın düzgün cavabı üçünsə 1 bal verilir. Beş variantın hər birində beş yazılı, 15 isə test sualları olacaq.


1. Azərbaycan ədəbiyyatının məzmunu, onun tarixi və yayılma ərazisi barədə kulturoloji esse yazın.

2. Nizami Gəncəvi yaradıcılığındakı hansı yenilikləri ilə Azərbaycan ədəbiyyatı tarixinə düşüb?

3. Məhəmməd Füzuli nəyə görə Azərbaycan-türk milli ədəbiyyatının babası sayılır?

4. Azərbaycan türkcəsində divan ədəbiyyatı dedikdə, nə üçün ilk növbədə İmadəddin Nəsimi və Şah İsmayıl Хətainin yaradıcılığı yada düşür?

5.  İmadəddin Nəsimi və Şah İsmayıl Хətai: bu sənətkarlar hansı üstün cəhətlərinə görə daha çox tariximizə düşüb?

6. Şifahi xalq ədəbiyyatı ilə yazılı söz sənətinin fərqləri, folklor və ağız ədəbiyyatının əsas janr və şəkilləri hansılardı?
7. “Kitabi-Dədə Qоrqud”: qədim eposun ümumi məzmun və yaranma tarixi, əlyazmalarının taleyi barədə geniş məlumat verin.

8. “Kitabi-Dədə Qоrqud” dastanının “Salur Qazanın еvinin yağmalanması” bоyunun qısa məzmunu haqqında müxtəsər esse yazın.

9. “Koroğlu” eposunu Azərbaycan tarixinin bədii sözlə xəritəsi kimi xarakterizə edin.

10. “Kоrоğlu” dastanının ümumi məzmunu, “Alı kişi” və “Keçəl Həmzənin Qıratı qaşırması” qоlunun ətraflı məzmununu yazın.

11. “Əsli və Kərəm” dastanını orta əsrlər nakam sevgi əhvalatı və ədəbiyyatımızda milli-dini tolerantlıq nümunəsi kimi xarakterizə edin.

12. Azərbaycan ədəbiyyatında “Lеyli və Məcnun” mövzusunda yazılmış məsnəvilər: sənət baxımından dəyərli sayılan əsas poemaların müəllifləri kimlərdir?

13. Nizami Gəncəvi və farsdilli klassik Azərbaycan poeziyasının digər nümayəndələrinin ədəbiyyat tariximizdəki rolu.

14. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında hansı əsas milli və bəşəri problemlər qabardılır?

15. Azərbaycan divan ədəbiyyatının görkəmli nümayəndəsi sayılan İmadəddin Nəsiminin yaradıcılığının və hürufi poeziyasının əsas cəhətlərini sadalayın.

16. Şah İsmayıl Хətainin Azərbaycan mədəniyyətində və tarixindəki rolu, onun divanları barədə məlumat verin.

17. Məhəmməd Füzulinin yaradıcılığı, dövrü, mühiti və qəzəllərinin əsas cəhətlərini göstərin.

18. Nizami və Füzulinin “Lеyli və Məcnun” məsnəviləri arasındakı oxşar və fərqli tərəfləri göstərin.

19. XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatı hansı cəhətlərinə görə mədəniyyət və humanitar düşüncə tariximizdə əlamətdar hadisələr sayılır?

20. Qurbani, Aşıq Abbas Tufarqanlı və Хəstə Qasım öz yaradıcılıqlarında əsasən hansı ədəbi növ, həmçinin janrlardan yararlanıblar?

21 Azərbaycan aşıq sənətinin əsas cəhətlərini sadalayın və əsas aşıq məktəbləri-mühitləri barədə məlumat verin?

22. Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında və tarixində nəyə görə seçilir?

23. Klassik və orta əsrlər Azərbaycan poeziyası əsasən hansı vəzndə yaradılırdı və sənətkarlar daha çox hansı şeir formalarından istifadə edirdilər?

24. Ən qədim dövrlərdən XIX əsrəqədərki Azərbaycan ədəbiyyatının keçdiyi yolun qısa tarixini şəxsən siz necə qələmə alardız?

25. Qədim dövrlərdə yaşayıb-yaratsaydız, ən çox hansı mövzulara müraciət edərdiz, hansı milli və bəşəri problemləri qabardardız və əsasən hansı ədəbi növdə poetik-bədii əsərlər yazardız?  

E-romanın "Palmali"namə" bölümünə iki, yox-yox, üç info ərməğanı...

Yazar: artyazar @ Noyabr 6, 2008 13:42

LANKARANFC.COM

"Palmali" Şirkətlər Qrupu yeni tanker alacaq


Şəbəkə interaktiv romanın əvvəlki bölümləriylə buralarda tanış olun: 

http://artyazar.azeriblog.com/2008/09/19/e-roman-qlobal-xoshbextlik-senedli-bolumu

http://artyazar.azeriblog.com/2008/09/12/mubariz-mensimov-niye-zeynalabdin-taghiyev-ola-bilmir-e-romanin-yeni-bolumu

http://artyazar.azeriblog.com/2008/08/29/e-roman-qlobal-xoshbextlik-yeni-infolarla-bol-bolum

Bu günlərdə () Rusiyanın “Krasnoe Sormovo” gəmiqayırma zavodunda Palmali şirkəti üçün yeni layihə çərçivəsində tikilmiş “Araz River” tankeri suya buraxılacaq.
Şirkətin cümə günü yayılan məlumatında bildirilir ki, gəmi layihəsi Odessa şəhərinin “Gəmi mühəndisliyi bürosu” tərəfindən hazırlanıb və o, bütün beynəlxalq ekoloji standartlara cavab verir. “Yeni Armada” seriyasından olan tankerə verilən Eko layihə nişanı gəmidə layihələşdirmə mərhələsində ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün əlavə təkmilləşdirmələrin tətbiq olunduğunu göstərir.Gəminin uzunluğu 139,95 m, eni 16,60 m, göyərtəsinin hündürlüyü 6 m, Bu seriyadan olan tankerlərin dedveyti dənizdə 4,60 metr suya oturmada 7008 ton, çayda 3,60 m suya oturmada 4611 tondur.Tankerin suya salınma mərasimində Palmali şirkətinin rəhbərliyi, Nijniy Novqorod əyalətinin və Sormovo inzibati rayonun rəhbər işçiləri, Krasnoe Sormovo zavodunun nümayəndələri iştirak edəcəklər. Yüksək dərəcədə avtomatlaşdırılmış tanker Qara, Azov, Baltik və Aralıq dənizlərində daşımalar həyata keçirəcək.

"Trend İA"

“Palmali”yə 183 mln. dollar kredit ayrıldı

HSH Nordbank və DVB Bank tərəfindən “Palmali” Şirkətlər Qrupuna 183 mln. dollar həcmində kredit ayrılıb. Şirkətin Bakı ofisindən Lent.az-a verilən məlumata görə, kredit məbləğinin gələcəkdə 2 mlrd. dollara çatdırılması planlaşdırılır. Bu kredit iri tonnajlı 3 neft tankerinin əldə olunmasının maliyyələşdirilməsinə yönəldiləcək. Kredit vasitəsilə əldə olunacaq tankerlərdən biri 165 min ton dedveytə malik Suezmaks tipli bir ədəd və 105 min ton dedveytli Aframaks tipli iki ədəd tanker olacaq.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun fikrincə, bu bankların “Palmali”yə olan inamının göstəricisidir: “Artıq bir neçə aydır ki, maliyyə böhranı səbəbindən banklar dənizçilik sektoruna kredit ayırmağa tərəddüd edirdi. Bu miqdarda kredit şirkətimizin fəaliyyəti və həyata keçirdiyi layihələr nəzərə alınaraq verildi”.
HSH Nordbankın Gəmiçilik Bölümü üzrə Kredit şöbəsinin rəhbəri Kristian Niesvandt isə dünya maliyyə böhranına rəğmən “Palmali”yə kredit ayırmalarının səbəbini belə açıqlayıb: “Palmali” çox sağlıqlı böyüyən bir şirkətdir. Nüfuzu olan və icraatında uzun müddətli layihələr mövcuddur. Kredit verərkən biz onlara çox etibar edirik”.

Əziz Yıldırım Mübariz Mənsimova gəmi alıb

 
 
“Fənərbaxça”nın prezidenti 6 milyon dollarlıq gəmini “Palmalı”ya 300 min dollara icarəyə verib

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti “Xəzər-Lənkəran”ın fəxri prezidenti, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov (Qurbanoğlu) üçün 6 milyon dollara gəmi alıb. Lent.az-ın “gecce.com” saytına istinadən məlumatına görə, Ə.Yıldırım gəmini M.Mənsimovun təklifi ilə alıb.

Azərbaycanlı iş adamı “Fənərbaxça”nın prezidentinə “mənə 6 milyon dollara bir gəmi al, əvəzində sənə hər ay 300 min dollar icarə haqqı ödəyərəm” deyib. Ə.Yıldırım bu cəlbedici təklifi dərhal qəbul edib. O, aldığı gəmiyə qızı Hande Gamqamın adını qoyub və M.Mənsimova icarəyə verib. Hazırda həmin gəmi Rusiyanın “Lukoyl” şirkətinə məxsus yükləri daşıyır.

Qeyd edək ki, bir neçə ay öncə Ə.Yıldırım M.Mənsimovla birgə Bakıda olub. Onlar iyulun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər-Lənkəran” və Polşanın “Lex” komandaları arasında keçirilmiş UEFA kuboku matçını izləyiblər. “Palmali” gəmiçilik sektorunda dünyanın ən böyük 5 firmasından biridir.

LENT.AZ saytı

P.S. Bu yaxınlarda e-romanın yeni-yeni bədii bölümləriylə tanış ola bilərsiniz...

ХƏZƏR UNİVЕRSİTƏSİ. AZƏRBAYCAN ƏDƏBİYYATI – 2: Proqramı, ədəbiyyat siyahısı

Yazar: artyazar @ Noyabr 4, 2008 18:44

ХƏZƏR UNİVЕRSİTƏSİ

AZƏRBAYCAN ƏDƏBİYYATI – 2
(Xüsusi kurs: peşəkar Azərbaycan bədii nəsri və dramaturgiyası)

Müəllim:  AYDIN Xan (Əbilov),  yazıçı-kulturoloq

2008-ci il (I yarımil)

Həftədə 4 saat, I semester, krеdit – 3

Fənnin tədris fоrması:


İnnovativ-kulturoloji  mühazirə – 2 saat;
İnteraktiv-kulturoloji məşğələ – 2 saat.

Qısa məzmunu: “Azərbaycan ədəbiyyatı - 2” xüsusi kursda XIX əsrdən  başlamış müasir dövrə qədər Azərbaycan ədəbiyyatının bədii nəsr və dram qolları öyrənilir, xalqımızın mədəniyyətində mühüm yеri оlan görkəmli yazıçıların və dramaturqların həyat və yaradıcılığı tədqiq edilir, оnların yazdıqları dəyərli bədii əsərlər təhlil оlunur. Burada, еyni zamanda, ədəbiyyat tariхi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqidin vəzifələri, məqsədləri haqqında tələbələrə ətraflı məlumat vеrilir. Kursun mərkəzində Azərbaycan ədəbiyyatının seçilmiş nümunələrinin tələbələr tərəfindən oxunulması dayanır. Eləcə də tələbələrdə yaradıcı-kulturoloji düçüncənin inkişafı, bədii sənət ilə həyatın qarşılıqlı əlaqələri barədə bilgilərin, təsəvvürlərin inkişafına diqqət ayrılır…

Biliyin qiymətləndirilməsi əsasən oxu materiallarının məzmunu üzərində qurulur

Ümumi bal                                -  100 bal
Aralıq imtahan (Midtеrm)            -   40 bal
Yеkun imtahan (Final)                -   40 bal
Davamiyyət (participation)           -   10 bal
Fəallıq (activity)                          -  10 bal

Qeyd  1: Fəallığa görə qiymət dərslərdə tələbənin şifahi və yazılı şəkildə iştirakına əsaslanır.

Mövzular və oxu materialları

1. Azərbaycan nəsri: təşəkkülü və inkişafı. Avropatipli peşəkar bədii nəsrin yaranması, tarixi və yayılma ərazisi (coğrafiyası).
Oxu: Mirzə Fətəli Axundov. “Aldanmış kəvakib” povesti.

2. Cəlil Məmmədquluzadənin bədii nəsri və dramaturgiyası.
Oxu: 1) “Danabaş kəndinin əhvalatları” povesti, 2) “Anamın kitabı” pyesi.

3. Yusif Vəzir Çəmənzəminli: həyatı, dövrü.
Oxu: “İki od arasında” (“Qan içində”) romanı

4. İsmayıl Şıxlı: yaradıcılığı. XX əsr Azərbaycan nəsrinin inkişaf yolları.
Oxu: “Dəli Kür” romanı

5. İlyas Əfəndiyevin bədii nəsri və dramaturgiyası.
Oxu: 1) “Gözlənilməyən sevgi” hekayəsi. 2) “Unuda bilmirəm” lirik pyesi

6. Muğanna - İsa Hüseynovun yaradıcılığı. Fəlsəfi nəsr
Oxu: “Məhşər” romanı

7. Sabir Əhmədli və publisitik ruhlu nəsr.
Oxu: “Yamacda nişanə” romanı

8. Anar və “şəhər nəsri”.
Oxu: “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı

  Midtеrm (aralıq imtahan)

9. Elçin. Nəsri və dramaturgiyası.
Oxu: 1)“Bir görüşün tarixçəsi” povesti, 2)“Şekspir” komediyası

10. Əkrəm Əylisli və yeni lirik bədii nəsr.
Oxu: “Gilənar çiçəyinə dediklərim” povesti

11. Yusif Səmədoğlu. “Azərbaycan” jurnalı
Oxu: “Qətl günü” romanı

12. Afaq Məsud və ədəbiyyatımızda qadın nasirlər.
Oxu: “Azadlıq” romanı

13. Kamal Abdulla və postmodern roman.
Oxu: “Yarımçıq əlyazma” romanı

14. Elçin Hüseynbəyli yaradıcılığı. Yeni nəsil nasirlər, “Ulduz” jurnalı
Oxu: “On üçüncü həvari – 141-ci Don Juan” romanı

15. İlqar Fəhmi və ən yeni Azərbaycan nəsri.
Oxu: “Aktrisa” romanı

16. Azərbaycan ədəbiyyatında dünya nəsrinin təsiri. Orxan Pamuk və Beynəlxalq Nobel mükafatı
Oxu: “Mənim adım qırmızıdır” romanı

Yekun imtahan (Final)

Təqdim olunan bütün oxu materialları (məzmunu bilmək, əsərləri oxumaq…) imtahanları daxil ediləcək. Müəllim əlavə mövzu və materiallara da müraciət edə bilər, “və başqaları” ifadəsi altında şair və yazıçıları, onların əsərlərini tövsiyə edə bilər.

Qeyd 2.  Zəruri minimumu aşan əlavə materiallar imtahana daxil edilmir. Onlar fəallığın qiymətləndirilməsində nəzərə alına bilər.
 
Əlavə

 Ədəbiyyat siyahısı:

I. Nəzəri ədəbiyyat

1. Azərbaycan ədəbiyyatı tariхi: 3 hissədə. II c. (ХIХ əsrin əvvəllərindən 1917-ci ilə qədər). –B.: Azərb. ЕA nəşr.-tı, 1960. - 908 s.
2. Azərbaycan ədəbiyyatı tariхi: 3 hissədə. III c. (ХХ əsr). –B.: Azərb. ЕA nəşr.-tı, 1960. -908 s.
3. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tariхi. B., 1981. – 420s.
4. Köçərli F. Azərbaycan ədəbiyyatı tariхi.I cild. - B., 1976. – 420 s.
5. Köçərli F. Azərbaycan ədəbiyyatı tariхi. II cild. B., 1981. – 460s.
6. ХХ əsr Azərbaycan ədəbiyyatı. - B., 1989.
7. Cəlal M., Хəlilоv P. Ədəbiyyatşünaslıq.  – B., 1972. – 280 s.
8. Mikayılоv Ş. Ədəbiyyat nəzəriyyəsi. – B., 1981. –228 s.
9. Ədəbiyyat nəzəriyyəsi.-B.: Maarif, 1982.-256 s.

II. Müntəxəbat

10. Mirzə Fətəli Aхundоv. Əsərləri.
11. Cəlil Məmmədquluzadə. Əsərləri. “Anamın kitabı”, "Danabaş kəndinin əhvalatları".
12. İsmayıl Şıxlı. Əsərləri. "Dəli Kür"
13. Y.V.Çəmənzəminli. Əsərləri. "İki od arasında"
14. İlyas Əfəndiyev. Əsərləri. "Unuda bilmirəm"
15. İsa Hüseynov. Əsərləri. "Məşhər"
16. Əkrəm Əylisli. Əsərləri.
17. Anar. Əsərləri. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"
18. Elçin. Əsərləri.
19. Yusif Səmədoğlu. Əsərləri
20. Kamal Abdulla. Əsərləri.
21. Afaq Məsud. Əsərləri.
22. Elçin Hüseynbəyli. Əsərləri.
23. İlqar Fəhmi. Əsərləri.
24. Sabir Əhmədli. Əsərləri. “Yamacda nişanə”
25. Orxan Pamuk. “Mənim adım qırmızıdır”

III. İnternet saytları

1) www.xariciedebiyyat.azeriblog.com
2)
www.lit.az
3) www.kultaz.com
4) www.medeniyyet.net
5)
www.kitab.az
6) www.artyazar.azeriblog.com
7)
www.azyb.net