İyul 16, 2008 15:45
Sorğuya cavab. KİV: Hansı daha çox etibarlıdır...
XXI əsrin ən gərgin mücadilələrindən biri və bəlkə də ən böyüyü kütləvi informasiya vasitələrinin ətrafında gedir. Bu sahədə böyük maqnatlar çalısır. Texnologiyaların inkişafı ilə KİV-lərin də artnıası hələ bütövlükdə dürüst informasiya problemini həll etmir. Qəzet və jurnallar, teleradio kanalları, internet saytları, informasiya agentlikləri xəbər transformatoru kimi cəmiyyət həyatında mühüm rol oynayır. Əbəs yerə media dördüncü hakimiyyət adlandırılmır. Alternativ məlumat mənbələri olmasına baxmayaraq, adamlar hələ də dürüst və qərəzsiz informasiya almaq problemi ilə rastlaşır. Bəs elə də hansı mənbəyə güvənməli? Elə bu sualla ziyalılarımıza müraciət etdik: Hansı kütləvi informasiya vasitələrinə etibar edirsiniz? Onların seçimi hamımız üçün maraqlıdır.
Məsələn, məşhur kinoşünas və rejissor Ayaz Salayev internet saytlarına etibar edir. "Kütləvi informasiya vasitələri içində ən çox internet saytlarına müraciət edirəm. Vaxtaşırı "mediaforum.az" və "day.az" saytlarını izləyirəm".
Ünlü rejissor, Yuğ Teatrının rəhbəri Vaqif İbrahimoğlunun isə sualımıza cavabı başqa dildə və iki kəlmə oldu: "no comments...".
Telejurnalist, kino və teatr rejissoru Mehriban Ələkbərzadə isə əslində heç nəyə etibar etmədiyini söylədi. "Hər dezinformasiyanın içində bir dürüst informasiya olur. Bütün hallarda bu dürüstlük nisbidir. Həm də bu informasiyadan asılıdır. Son zamanlar düşünürəm ki, qəzetlərdən daha dürüst məlumat almaq olar. Qəzetlərin internet saytlarına daxil oluram. Həmçinin tək Azərbaycan yox, dillərini oxuya bildiyim ölkələrin mətbuatını izləyirəm".
Siyasətlə maraqlanmadığını və bunun insanı yaradıcılıqdan ayırdığını söyləyən teletamaşalar müəllifi Ramiz Həsənoğlu kütləvi informasiya vasitələri arasında daha çox İnternet qaynaqlarına, informasiya agentliklərinə etibar edir. "Belə olduqda məlumatı daha ətraflı öyrənmək və tutuşdurub yoxlamaq olur". Daha çox "Trend" və APA agentliklərindən, "mediaforum.az" saytından informasiyalar alan Həsənoğlu "Nezavisimaya qazeta" və "Komsomolskaya pravda" qəzetlərini də oxuduğunu söylədi.
Ramiz Əzizbəyli isə qaçaqaçda olduğunu və müntəzəm olaraq mətbuat və televiziyanı izləmədiyini söylədi: "Jurnalist vicdanı deyilən anlayış var. Vicdanlı jurnalist harada işləməyindən asılı olmayaraq etibarlı mənbədir. Məlumat mənbəyinə gəldikdə isə axşamlar ANS kanalına baxıram".
Yazıçı-kulturoloq Aydın Xan Əbilov isə etibarlı mənbə kimi internet qaynaqlarından istifadə etdiyini söylədi. Bunu o, həm sürətli informasiya almaq baxımından, həm də alternativ mənbələrdən məlumat almaq imkanına görə təqdir edir. "İnternetdən götürülmüş məlumatları analiz etmək imkanı çoxdur. Əsasən "day.az", "mediaforum.az", "apa.az", "kultaz.com", "lenta.ru" saytlarına daxil oluram".
Hazırlayanı: Aliyə
"Mədəniyyət qəzeti".- 2008.- 3 aprel.- S. 6.
Musahibələrim. Kulturoloq rəylərim | Şərhlər(0) | Baxış sayı: 38
