Reklam verin!

İyul 21, 2008 11:22

Bəyaz - bəyzadə varlıq: Yusif Əhmədov...

artyazar

(Poetik esse)
Yazar dostum Yusif Əhmədov üçün darıxmaca

(Yazıçı-publisist Yusif Əhmədov oxucu sevgisi əhatəsində)

Yaşlı, çox yaşlı bir yazar dostum var - nasir-publisist Yusif Əhmədovmüəllim: saçı, ürəyi, vicdanı bəyaz, dünyayla həmgedişat, Zərdüşt timsalı, Dədə Qorqud simalı, Füzuli duyğusallı mülayim və müdrik insan...

Onunla söhbətdən doymaq olmur - səsinin, simasının, intonnasiyasının, nitqinin, duyğularının sadəliyindən, səlistliyindən, eləcə də fərqli-fərdi baxışlı həyat fəlsəfəsindən yorulmaq mümkün deyil...

Həyat eşqindən, insanlara sevgisindən, Vətənə məhəbbətindən, doğmalarına-tanışlarına qayğısından hamıya pay çatır...

Yaxşılıq etməkdən usanmayan, sevgidən doymayan, mərhəmətdən yorulmayan, başqalarına qayğıdan qaçmayan, ən əsası isə bu dəhşətli zəmanədən qorxmayan yazıçı-publisist Yusif Əhmədov...

Sanki ətrafdakı zülmətdə bir saf, pak, bəm-bəyaz işıqdır Yusif müəllim: lap adaşı Yusif kimi peyğəmbərsimalı insansevərdir o...

Hər dəfə içim boşalanda, hamıdan usananda, zəmanədən baş götürüb haralarasa uzaqlaşmaq könlümdən keçəndə ona sığınıram.

Söhbətinə, həyati enerjisinə, oluma sevgisinə tamarzı olanda ona doğru uzaqlara yollanıram.

Yusif müəllim mənə görə Yerin zülmətindən çox-çox uzaqlarda, lap Göyün yeddinci qatında qərar tutub.

Onun torpaqüstü qara əməllərlə, nifrət və pisliklərlə heç bir bağlantısı yoxdur... 

Ona yaxınlaşdıqca, bütün ağrılar azalır, kədər yerini sevincə boşaldır, dərd əvəzinə bir ruh rahatlığı varlığını əhatələyir, nifrətsə sevgiylə əvəzlənir.

Düşünürsən: İlahi, bir insanda bu qədər müsbət enerji hardandır görəsən?!

Hər dəfə onu görəndə, dünyaya göz açdığım ildən çox-çox əvvəl cənnət-məkan olmuş babam Seyfulla kişi yadıma düşür...

Nədənsə, qəlbi yazıb-yaratmaqla döyünən, ürəyi yaxşılıqlarla çırpınan bu böyük şəxsiyyəti zəmanəmizə tay bir böyük İnsan sayıram: poetikləşdirəndə, sanıram ki, əgər savaş meydanında Yusif müəllimlə zaman üz-üzə gəlsə, mütləq məhz O, qalib gələcək, zəmanənin kürəyini tarixə saplayacaq...

Bu sətirlər yan-yana düzüldükcə, Yusif Əhmədov ruhu - kim deyir ki, ruh yalnız öləndən sonra bədəni tərk edir, möhkəmcə yanılır, sevdiyimiz, dəyər verdiyimiz böyük insanların ruhu qəlbimizdə, yaddaşımızda, bir də duyğularımızda hər an dolaşır - yaddaşımın sevgi qonan hissəsində qanad çalır...

Bir anlıq ondan ötrü ürəyimin mərkəzi göynəyir: mobil telefonu götürüb yazar həmkarıma zəng edirəm:

- Yusif müəllim, salam, necəsiz?

- Aydın!..

Uzaq Qubadan - Yusif müəllimin istirahət etdiyi rayondan mənim adımı elə çəkir ki,  sanki yüz, bəlkə də min ilin dostuyuq...

Əslində elə beləcədir: ruhumun fəhmincə, Yusif müəllim minlərcə ili öz varlığında əridir o sıradan sevdiyi insanları da öz şəxsində birləşdirir - axı o, yaradıçı sənətkardır...

Zərdüşt peyğəmbərdən tutmuş, ta Nizami, Füzuli və elə onun özünə - Yusif Əhmədova qədər bir zamanı, həm də ayrı-ayri insan ömürlərindən ibarət həyatı içində əridərək müdrik ziyalı, istedadlı söz adamı kimi şəxsimə hopmuş bu ali varlıq simalı fərdi sevməmək, dəyərləndirməmək mümkün deyil...

P.S. Yusif müəllim, sizin üçün darıxıram: yanımda olsanız da, ruhunuz qəlbimdə qanad çalsa da varlığınızın yeri yaman görünür...


Esselərim | Şərhlər(0) | Baxış sayı: 22

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com