İyul 28, 2008 15:07
Uşaqlığımız ömrümüzə qonaq gələydi...
Dünyalarca darıxdığım qardaşım Rizvana...
Bilsənə, sən ani həyatımızın
2008-ci ilin yayına daxil oldun,
təyyarəylə, lap quş kimi
qanad açıb uçdun:
axı payıza hələ çox var
qardaşım, nə tez bizdən yoruldun...
Bizsə, mənsə səndən yenə doymadım
əslində heç vaxt da doymamışam,
atam balası, nə uşaqlıqda
nə də indi -elə hey darıxıram
səndən ötrü, ey mənim
uşaqlığımın bir parçası...
Deyirsən, qardaş, zəmanənin
tələbi, bəlkə də tələsidir.
Rusiyadakı məskunlaşdığım yerə
getməsəm, işlərim düz gətirməz...
Biz səndən doymadıq,
heç həyatdan da, dünyadan da,
biz səndən qaçmadıq,
elə sən də bizdən uzaqlaşammırsan,
fəqət, həyat bizi ayrı sala bilir...
Hamımız babamız Zülfüqarı xatırladırsan
anamın ilk oğlu, başına and içdiyimiz...
Atamın rəqibi, bacıların dayağı
qardaşların hamisi qardaş...
Oğlanlarım məndən özüyeriyən
pultlu oyuncaq maşın istəyəndə
bəhanəm sən olursan:
"Rizvan əmi Rusiyadan gələr,
balası, yaxşısını alar sizinçün..."
Neynim, anam ciyərparası,
həyat kimi oyuncaqlara da
gücüm çatmır - çox bahadır...
Sən evimizdən tez ayrıldın
qartal balası kimi həyat savaşına
fələk oyununa girişdin
biz sənə qibtə edərkən
sən sevgini hamıyla paylaşdın,
vallah, heç özünə qalmırdı...
Bu yayın gecələrində
evimizin gizlinində yumurta qoyub
ölü bala çıxaran bayquşa
alça atmağımıza oxşamır ki,
bizim səninlə uşaqlığımız...
Qardaş canım, anlayıram:
nə sən, nə də mən uşaq doğulmadıq
ana bətnindən bu dünyaya
qopqoca ikən atıldıq...
Budur sənin 43 ilin, mənimsə 37 ilim
yandı ağrılarla, heç bilmədik
dünya nədir, həyatın tamı nə...
Bir günlük də bəxtimə düşsən
dənizə gedib günəşə uzanaq
səhər tezdən dəniz simfoniyasından,
günürta Günəşin təbbəsümündən,
gecəsə Ayın sevgisindən isinişək:
bəlkə uşaqlığımız bir günlüyə
ömrümüzə qonaq gələ,
o günü əsl qardaş kimi yaşayaq...
P.S. Bir günlük qardaş sevincinə
bütün qalan ömrü çürüdərdim...
Bu iyul sonu işimdə
bir qardaş nuru selləndi
qəlbimdəsə qardaşımçün
sevinc işartısı yelləndi...
Böyük qardaş - nəhəng sevgi...
Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 18
