Reklam verin!

Metro, inadkar, xilaskar, manyak... (Həyati hekayə)

Yazar: artyazar @ Avqust 4, 2008 20:44

(Çağdaş ultra-hekayət)

"Həyatın mənası yaşamaqda deyil, yaşatmaqdır..."

"13-lər Kitabı"mdan"

Şəxsi avtomobil də adamın sevgilisi kimidir: bəzən nasazlanır - xarab olur, çox vaxt köhnə dördtəkərlini satmaq fikrini dilinə gətirəndə, hələ  üstəlik üstünə qiymət də qoyandan sonra səndən inciyir, ya işləmək istəmir, ya da qəzaya sürüklənir...


Elə bu yaxınlarda mənim də baçıma belə bir əhvalat gəldi: altımda Bakının küçələrində sülənən köhnə "Opel-Vektra" markalı avtomobilin sahibi olan qardaşım Rizvan onu satmağın vaxtı yetişdiyini bildirdi və əlavə etdi:

- Dörd-beş min manata sata bilsən, mən də üstünü düzəldər, 15-16 minlik təp-təzə birisini beşillik kreditə götürərdik.

- Ay qardaş, axı "Opel"ciyim pis maşın deyil...

- Düzdür, amma ildə bir dəfə mən bunaun üstünə ən azı min manat xərc qoyuram,  - Rusiyada orta bizneslə məşğul olan böyük qardaşım əsl kapitalist kimi təklifinin iqtisadi tərəfini xırdalamağa başladı. Nəzərə alsaq ki, 4200 ABŞ dolları aldığımız, 1990-cı ilin Almaniya istehsalı olan bu maşını 2005-ci ildən sən, mən və avtoş qaqamız olan Şahlar Azərbaycanın heç də ideal olmayan yollarında necə gəldi çapırıq, hələ üstəlik də satınalma dəyərindən də çox ona maya qoymuşuq, onda təklifimin səmərəliyi göz önündədir. Mən hələ onu demirəm ki, bu yazığın hayı gedib, vayı qalıb...

Rizvan hər il iki dəfə qoca valideynlərimizə baş çəkmək və yayda ailəsini istirahəini təşkil etmək üçün yaşadığı Rusiya Federasiyasından evə - Azərbaycana gəlirdi. Mən bakıda yaşadığımdan onu əyalətə  - Lənkərana aldığı bu maşınla aparır, gəzdirir və gətirirdim. O da əsl kapitalist kimi maşından bir balaca səs eşidən kimi onu ustaya aparar və üstünə xeyləm maya qoyardı. Sonuncu dəfə isə təkərlərini təzələmiş, yağını dəyişmiş, nə bilim mənim başım çıxmadığım daha neçə-neçə bəlasına əncam çəkmişdi.    

 - Onu da qəbul etsək ki, son illər yaman bahalaşma gedir, qiymətlər şeytan qanadlarında ərşə çəkilib - Aman-Allah, bu burjular da bədii düşünməyə, poetik danışmağa başlayıblar!!! - və yaxın beş ildə uzunmüddətli kreditə aldığın istənilən çeydə uduzmazsan, qardaş, mənim fikrimi qəribliyə salma, müştəri tap bu köhnə maşını dəyər-dəyməzinə sat birinə...

Kapitalist üçün nə var e, sözünü dedi, təklifini səsləndirdi, onu iqtisadi cəhətdən əsaslandırdı, məntiqli faktlarla sübutladı və 400 manat verib təyyarə bileti alıb uçdu geriyə, arzularını reallaşdırdığı Rusiyaya: söhbət isə maşında olmuşdu axı. "Opel" - "Vektra" xanım o dəqiqə söhbətimizə qulaq kəsilmiş, sözsüz, ürəyinə salmış, özünə dərd edərək o dəqiqə incimişdi. İndi bir həftəyə yaxın idi ki, normal işə düşmürdü və bu zaman ərzində Bakının kişi əhlinin yarısı bəlkə də maşınımı itələyərək onun işə düşməsində mənə yardımçı olub. Bəlkə də bu yazı ilə tanış olanların arasında da elələrinə rast gəlmək mümkündür: onların simasında insaları mənə sevdirmiş o yardım edənlərə minnətdaram - yazar dostum Fərid isə çiyinlərini bu ağır və məşəqqətli missiyanın altına bir neçə dəfə salıb ki, ona da xüsusi ədəbi təşəkkürlər...

Əlbəttə, səbrinizi basçı bura qədər gəlib tanış olmusunuzsa, soruşa bilərsiz, bu girişfasonun başlıqdakı ifadələrin arxasındakı, ya da dalındakı -türkün məsəli, hansı mərifətli səslənirsə, onu da qəbul edin - anlamlara nə dəxli? Məsələ ondadır ki, maşınımın xarab olması məni söhbət açmağa çalışdığım, amma uzunçuluğa gedib çıxdığım hadisələrin məcrasına atmış oldu.

Bürkülü yayın hərarətinin qırx-qırx iki dərəcəyə qalxdığı iyulun son günlərindən birində Bakıda nümayəndəliyi fəaliyyət göstərən Beynəlxalq Soros Fonduna, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə -deyəsən çox quru və rəsmi alındı - getməliydim. İctimai nəqliyatdan - marşurut taksisindən yararlanıb getdim də. İşlərimi yekunlaşdırıb geri dönmək istəyəndə, bir qədər dərin düşüncələrə qərq oldum, yəhudilər kimi fikirləşdim və ictimai nəqliyatda istinin, tər qoxularının zənginliyini, üstəlik də son illərdə get-gedə sıxlaşan maşın tıxaclarını yada salaraq qərara aldım ki, metronun "Gənclik" dayanacağından Yasamal məzarlığına yaxın yerləşən iş yerimə yaeraltı qatarla məsafə ölçüm.

Elə də etdim, durun, bir neçə problem adlamaqla. Əqli nəticə əldə edərkən, bir sıra texniki incəlikləri nəzərə almamağım başıma gələn və indilərdə sizə də danışacağım hadisələri taleyimin həmin gününə sərgilədi. Paytaxt sakinləri bilirlər, bir neçə ildir ki, Bakı metropolitenində gediş haqqı elektron kartla ödənilir. Mənim kartım olsa da, ondan təsadüfi hallarda istifadə edir, bu gün isə unudub avtomobilimdə qoymuşdum: əslində heç düşünmürdüm də ki, mənə kart lazım olacaq.

Hər halda, mən də başqaları kimi, "Lənət Şeytana!!!" deyib, öz günahımı İblis qədeşin boynuna yıxmadım, əksinə, ani olaraq beynimdə qıcıqlanan maraqlı bir oyuna başlayacağıma görə sevindim də...
  
Nə vaxtınızı qətlə yetirim - İnternet konturlarınızı göyə sovurum: Bakı metropoliteninin "Gənclik" dayanacağının girişində, yəni indi ticarət köşklərinin söküldüyü və genişliyi ilə adama rahatlıq verən, amma çirkinliyi ilə könül bulandıran yeraltı keçiddə donub istənilən tanışın, ya da məni tanıyan bir kəsi gözləməyi qərara aldım. Nə də olmasa, son illər mən bu ölkənin telekanallarında intellekt çapan ulduzlarından idim və mənim üçün maraqlıydı: hər teleçıxışımdan sonra fərdi görüşlərdə "əla danışırsan", "əsl ürəyimdəkiləri deyirsən", "tikan çıxarırsan" kimi təriflər yağışına məni bürüyən xalq görəsən seyrçisini tanıyıb ona "yardım əlini uzadacaq"mı?!

On dəqiqə yerini iyirmi dəqiqəyə, o isə yarm saata verdi: kütlədən səs-soraq, kömək-zad görünmürdü. Əvvəlcə özümə ürək-dirək verdim ki, bəs tüklərim ala-bula töküldüyündən saçımı dibindən - ülgüklə daz vurdurmuşam, bəlkə ondandır deyə, millət sevimli tele-ulduzunu tanımır: bu, on dəqiqəyə görə özümə veriyim təsəlli parçasıydı.

Sonradan istədim bəhanələyim ki, sərbəst geyinmişəm, idman formasındayam, ondandır insanlar tanımırlar. Elə ki zamanın yarım saatı -mobil telefonumun ekranından vaxtı ölçürdüm - keçsə də, inadkarlığımı qattalayıb bir tərəfə qoymurdum, analitik təfəkkürümü işə salıb durumu təhlil etməyə can atdım.

Birinci, subyektiv variant: bu barədə bayaq danışdım - daz baçım məsələsi.

İkinci, obyektiv variant: Şəxsən məni tanıyanlar, eləcə də dost-tanışlarım metrodan elə mənim kimi istifadə edirlər, yəni çoxlarının fərdi avtomobili var.

Üçüncü bəhanəyəbənzər faktiki variant: Onlar yay məzuniyyətlərindədirlər, ya da işdən hələ çıxmayıblar (yaşantılar günortanın son mərhələsində - saat 15 30 - 16 00 radələrində baş verir).

Dördüncü, həm də təsəlliverici variant: adamın gərək bəxti ola.

Beşinci öldürücü variant: İlahi, mənimkimi teleulduzlar bu millətə də əlcək kimi lazımmız, lazım olanda ələ taxırlar - boş vaxtlarını öldürmək üçün baxırlar, istifadəsinə ehtiyac görməyəndə, unudub bir qırağa atırlar...

Beynimdəki bütün variantları bura sıralamaq fikrində deyiləm, amma, hər halda, bu beş variatdakı fərziyədolu fikirlərdən də göründüyü kimi, saatın yarısının belini qırıb o biri yarımtayına keçəndən sonra, içimdəki nikbinlik bədbinliyə uduzmağa başladı, inadkarlığımın qol-qanadı qırılıb döşəmədəki siqaret kötüklərinin yanına düşdü.

İnsafən, yanımdan ötən cüt xanımlardan bir neçəsi məni bir-birinə göstərib nəsə deyir, dodaqaltı gülüş sərgiləyib yanımdan sivişirdilər. Mən də durub onlardan gediş haqqı dilənən deyildim ki?

İndi əsl inadkar kimi özüm-özümə müqavimət göstərib öz xilaskarımın yolunu gözləyirdim: dənizdə boğulanlar, çovğuna düşənlər, yanğının içində çabalayanlar, nə bilim, intihar edənlər tək...

Fəqət o xilaskar gəlib çıxmırdı...

Aha, dözməyib yanımdakı mobil telefonla çənə vurub sonrada mənə yaxınlaşan, siqaret alışdırmaq üçün "Yandıranın olmaz ki?" sualını ünvanlayan cavan oğlana qayıtdım ki:

- Yox, qaqaş, mən çəkən deyiləm... Sən metroya düşəcəksən?

Cavan oğlan bir qədər tərəddüdlə cavab verdi:

- Xeyr, nə olub ki?

- Heç, metro kartımı unutmuşam, səndən xahiş etmək istəyirdim ki, məni də keçirəsən. Əlbəttə, pulunu vermək şərtiylə...

Oğlan gedib qəzetsatandan alığqan aldı. Gəlib yanımdakı zibil qutusuna külü boşaldanda marağımı basa bilmədim və yenə də onun üçün müəmmalı görsənən bir sualımı tuşladım yazığa:

- Qaqaş, sən məni tanımırsan?

- Yox, nə olub ki?

- Heç, sadəcə, elə-belə soruşdum... 

Bu, artıq psixoloji fəlakət idi və bəlkə də indiyə qədər özümə heç belə yazıqlığım gəlməmişdi. Bəlkə də ruhuma fəlsəfi qəsd etmişdim, əgər xoşsimalı bir qarabala yanımda peyda olmasaydı...

- Qaqaş, metroya girigən.

- Aha!

İlahi, min şükür, -mənə ateist deyənə min lənət - Xilaskarım tapıldı...

- Olarmı kartınla məni də keçirəsən.

- Problem yoxdur, dayday...

Sən demə, mən hələ qocalıbmışam da!!!

Qarabalanı söhbətə tutub kassaya qədər getdik:

- Sən tələbəsən?

- Yox.

- İşləyirsən?

- Bəli.

- Harada?

- Mebel sexində.

- Allah köməyin olsun...

- Sağ olun.

Cavan oğlan kassaya yaxınlaşıb kartdakı hesaba pul qoydurmaq üçün satıcı kassirə pul uzadanda tez dilləndim:
- Qaqaş, zəhmət olmasa, bunu al.
- Problem yoxdur, dayday, adam adama bəs ha vaxt lazım olar...

Kartı yaxınlaşdırıb məni keçirəndə bir kişi ilə yaşlı qadın da oğlandan oxşar xahişi etdilər: xilaskarım öz missiyasını artıqlamasıyla yerinə yetirib onların da maneəsiz metrodan keçməsinə yardımçı oldu...

- Sən televizora baxırsan?
- Hardan, vaxt olur, ay dayı, gecə saat on ikidə evə gedib çatıram, it kimi yorğun oluram. Xörəyimi yeyən kimi yuxu məni basır.

- İnternetdə işləyirsən?

- Yox! - boynuma alım ki, hə desəydi, www.artyazar.yahoo.com şəbəkə ünvanlı fərdi saytımı - bloqumu ona tanış verər, bildirərdim ki, mənim poetik-bədii minnətdarlığımı oradan oxusun.

"Bax, dostum, bu bir nəfərə görə dünyanı dəyişməyə, zamanı düzəltməyə dəyər: sənin isə bütün amalın məhz bu məqsədin çin olmasına yönəlib..."

Xilaskar isə, həmişə olduğu kimi, başqa xeyirxahlar tək, tez-bazar vidalaşıb, məndən aralandı. Mən hətta onun adının nə olduğunu soruşmağa macal tapmadım...

Deməli belə, metro, inadkar, xilaskar kəlmələrinin arxasında duran mahiyyətlə sizi də tanış etdim, qaldı manyak məsələsinə, əsl həqiqətdə bu da elə həmin gün baş vermişdi.
Fəqət, bu hekayəyə onu pərçimləməyə də bilərdim, ancaq oxucuların da get-gedə manyaklaşdığı bir zəmanənin içində əridiyimizdən, yazım oxunaqlı olsun deyə, sonuncu bölümü də əlavə etməyə məcburam...

Pilləkənlərin zirvəsindən aşağı enəndə, cavan, özü də yaraşıqlı bir qızın ayağlarının dolaşdığını, az qala yerə yıxıldığını müşahidə etdim - yanında da sir-sifətindən zəhrimar yağan uzundraz bir qara oğlan. Qız ağlaya-ağlaya tez oradan uzaqlaşdı.

Gəlib birinci sütünün yanında duranda iki cavan qızın söhbətinin şahidi oldum:

- Ay qız, gördün, bu yazığı da itələdi...

- Manyakdı da! Polis əməkdaşları hara baxır, belə manyakları niyə buraxırlar metroya?

- Heç demə...

- Aaa, sənin qoluna tüpürüb ki...

Mən qıza kağız dəsmal uzatdım və yenə başımı soxdum cəngəl işlərə:

- Xanımlar, o qızı itəlyən oldu məgər.

- O manyakdı da... - deyə qızlardan dili-dilavəri sağ əli ilə mənim endiyim pilləkanı göstərdi. Manyak deyə çağırdığımız şəxs isə artıq oradan yox olmuşdu...

Qatar gəldi, hamı öz yoluna davam etdi: yeraltı məkanda nə qədər tale sürünürdü...

Birsaatlıq metro sərgüzəştlərimin bir yazar olaraq mənə verdiyi həyati materialı yazıya almaq üçün kompyuterimin arxasına tələsdim. İndi görün gündə neçə-neçə belə ədəbiyyat hadisəsi yanıb-sönür: yaradıcı igid istərəm ki, bunları bədii söz sənətinin tarixinə çevirsin...

Bizim yazarlarla şairlərsə hələ də göydən süzür, mələklərdən yazır, yerdən xəbərləri yox, həyatı quş kimi ömürlərindən uçurdurlar, insanları unudurlar...  

Bakı, 04.08.2008

P.S. Mətn birbaşa sayta yığıldığından korrektasız, bədii redaktəsiz verilir...

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha