“Çağdaş ağrıların sözlüyü” silsiləsindən
Əvvəlini oxumamısınız: http://www.artyazar.azeriblog.com/2008/09/24/marshur-taksi-surucusunun-gunluyu-manyak-deyil
Alatoranlıq, saat 06 30
“- Balaca, qurbanın olum, gir qanımın arasına, gəl yardım əlini uzat qardaşına. Bu gün yanımda ol ki, yuxu huşumu aparmasın, kiminsə maşınını əzməyim...” – iş günlərində, sərnişin bol olan zaman mənim pulyığanım kimi çalışan 13 yaşlı, "Balaca" ləqəbli dostum Eminə telefon açıram.
Balacanın mobil telefondan eşidilən yeniyetmələrəxas şaqrat səsi az qala beynimi
dağıda:
“- Sən nə danışırsan, Anar əmi, bu gün sentyabrın onbeçidir, məktəbə getmək lazımdır, dərslər başlanır. Atam bilsə ki, məktəbə getməmi.əm, ilk dərs gününü buraxmışam, məni öldürər. Yox, yox, bir də yox, dərsə getməliyəm. Üz göstərmə, kömək edə bilmərəm!!!” – vicdansız, qiymətini qaldırır, guya dərsə gedib alim olacaq mənim üçün... Hər dəfə belədir, adi günlərdə ona bir şirvan verirəm, belə vaxtlarda isə əlacsız qalıb məzənnəsini qaldıran kimi o dəqiqə razılığını verir...
“- Yaxşı, məzələnmə mənimlə, bu gün sənə iki şirvan verərəm. Əlavə olaraq dostlarımın cib telefonuma yüklədiyi yeni efir videoklipi də köçürməyə də icazə verərəm...”
“- Anar əmi, and iç ki, dediklərini edəcəksən. Odəfəki kimi aldatmazsan?!”
“- Yekə oğlansan, birdən-ikiyə sözümdən qaçmışam?!”
“- Hərdən yolundan azırsan da, bəziləri kimi...”
Bu oğlan əsl çənədir: o qədər danışar, baş-qulağımı elə aparar ki, heç fasilədə mürgüləyə də bilmərəm. Bir özünüz fikirləşin də: keçid dövrünü yaşayan, ağlındakı "pis-pis" fikirlərdən, ucuz və işlənmiş mobil telefonunda kinoulduz və model qızların şəkillərindən başqa bir şey barəsində ciddi düşünməyənlə bütün günü cənə-boğaz olmağın dəhşətini yalnız marşurut taksisi sürücüləri bilər... Amma nə qayırım, belə daha yaxşıdır.
Səhər çağı – ertədən, saat 07 00
Günün belə vaxtlarında sərnişin seyrək olur: çoxlarının simasında isə gecə gördükləri yuxuların əksi hələ çəkilmir. Hərdən xoşlayıram ki, onların bəzilərinin içindəki yaşantıları təsəvvürümə gətirim. Bax, bu qarı millətcə rus, ya da ermənidir: saçlarına qırmızı rəng qoymaqla deyil ki. Pensiyasını alıb yəqin və üz tutub şəhərin müxtəlif ticarət obyektlərinə - harada ucuz mal görəcəksə, onu satanla bir saat mübahisə edib qiyməti və satıcını sındıracaq, gününü beləcə maraqla başa vuracaq...
O qoca kişi Dənizkənarı parka üz tutub: əgər orada boş yer tapsa, özü kimi təqaüdçülərlə nərd, damino oynayacaq, tum satan yaşlı qadınlarla məzələnəcək, ölümünə bir gün də yaxınlaşacaq. Söz yox, əgər parkda guya təmir üçün hazırlanan, çəpərlənməyən guşa tapacaqsa. Deyirlər, oktyabrın 15-də keçirilməsi nəzərdə tutulan növbəti prezident seçkiləri ilə əlaqədar hökumət insanların Bakı mərkəzində toparlaşmamasından ötrü belə sadə bir yolu seçib...
Bu xanım isə, çox güman, gecə öz həyat yoldaşından narazı qalıb - simasından, bir də yol boyu kişilərə işvəylə nəzər atmasından hiss olunur...
Bayaqdan yarıyuxulu vəziyyətdə yol gedən, iri sinələrinin dar paltarından bayıra atdanmağının fərqində olmayan, bununla da kənddən paytaxta yenicə gəlmiş kasıb tələbənin baxşıları tərəfindən intim nizələnməyə məruz qalan qadınısa üçüncü mikrorayon körpüsündə can satan yerdə bir dəfə özüm - onda şəhərə təzə-təzə öyrəşirdim - sınaqdan keçirmişəm...
- Ay oğul, zəhmət olmasa burada saxla...
- Bibi, bəlkə səni yaşadığın mərtəbəyə qədər aparaq... - Balaca heç dilini dinc saxlamır da...
- Yekə oğlansan, Ramazan ayında da adam yaşlı insanların qəlbinə toxunan söz işlədər...
İnsanların bəziləri hirsli, çoxları səbirsiz, digərləri susmağı xoşlayır, tək-tükü demaqoqluq edir, ayrı-ayrı şəxslər isə xoş sözlər eşitmək istəyir...
Bax, indi bu qalustuklu kişini özündən çıxarmaq məndən ötrü su içmək kimi asandır. İnanmırsız, tamaşa edin: qəfildən ayaqlarımı əyləcə basıram və hər dəfə olduğu kimi, o mənimlə deyinməyə başlayır... Sonra da məmurların qarasınca danışacaq, Avropa dəyərlərini reklam edəcək...
“- Ay oğlan bir az asta sur, mədəni ol,” – gördünüz, dedim axı o kişi həmin dəqiqə başlayacaq: - “Kartof kisəsi daşımırsan, ictimai nəqliyatla adamları mənzil başına aparırsan. Haçan öz şəxsi maşınını sürsən, onda istədiyin kimi idarə edərsən...”
Balacaya imkan verirəm ki, hirsli sərnişinin səbrini qaynatsın:
- Nə olub ki, dayday, qabağına piyadə keçdi də...
Kişi mənim canımdan əl çəkdi, düşdü uşağın canına:
- Bura bax, sən niyə dillənirsən, vəkillik etməkdənsə, burda pul yığmaqdansa, adam balası kimi məktəbə yollan, insan ol... Andropov dövründə yaşasaydıq, bu sürücünü də, sənin valideynlərini də, məktəbdəki müəllim və direktoru da, marşurut yiyəsini də, hətta əlaqədar vəzifə sahibi olan məmurları da basmışdılar dama...
Həmişəkindən fərqli olaraq, bu dəfə başqa sərnişinlər də xorla ona qoşulmadılar, yoxsa yarıyuxulu halda olduğumdan qulağıma başqalarının etiraz səsləri gəlmədi...
Əsl səhər vaxtı, saat 08 00
“- Boş yerlər, gəlin, yola düşür! Poltexnik, “Speys” televiziyası, 20 saylı məktəb, Fəxri xiyaban, Şəhidlər, Baksovet... Gəlin, buyurun, xanım, elə bu dəqiqə yola düşür.” – bir ağız reklamından sonra nəzarətçi başını maşının salonuna soxub mənimlə salamlaşdı və ardınca da: “- Anar, qardaş, bizi tamam unutmusan ha...”
Bir manat da bu havayıyeyənə uzatdım, “çoxsağol” əvəzinə:
“- Qaqa, qabaqkı maçın çoxdan gedib, sənin vaxtındır, daldakı özünü cıra-cıra yetirir. Yola düş də!!!” – cavabından nə mən razıyam, nə də pulyığan balaca. Yolun əsas hissəsini – sərnişinlərin bol olduğu tərəfləri keçmişik, heç bir şirvan da yığa bilməmişik, hardan məmnun olacağıq ki...
(Ardını gözləyirsizmi?..)



